Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkarlar Tofiq Quliyev və Emin Sabitoğlunun xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib.

Proqram Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrası tərəfindən təşkil edilib.

Konsertdən əvvəl ADMİU-nun rektoru Ceyran Mahmudova hər iki bəstəkarın yaradıcılığı haqqında danışıb, onların Azərbaycan musiqi tarixindəki əvəzsiz yerindən bəhs edib. Diqqətə çatdırıb ki, aralarındakı yaş fərqinə baxmayaraq, Tofiq Quliyev və Emin Sabitoğlu çox yaxşı dost olublar.

Konsertdə Estrada sənəti kafedrasının məzun və tələbələri Əli Muradov, Mütəllim Mütəllimov, Valeriya Hüseynzadə, Selcan Rəfili, Fatimə İbrahimli, Bəxtiyar Quliyev, Mərdan Kazımov, Kənan Qasımzadə, Elmira Atapour, Aleksandra Makarova, Abdulsalam Şabanlı, Aidə Kərimova və başqaları bəstəkarların ölməz əsərlərini ifa ediblər.

Sonda kafedranın müdiri Məryəm Babayeva səhnəyə çıxaraq Tofiq Quliyev və Emin Sabitoğlu əsərlərinin əbədiyaşarlığından danışıb, konsertin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.