“İçərişəhər” Dövlət Tarix-Memarlıq və Qoruğu İdarəsində İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlərin təqdimatına və ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.

Əvvəlcə İçərişəhərdə il ərzində görülən işləri əks etdirən videoçarx nümayiş olunub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Rüfət Mahmud 2025-ci ildə həyata keçirilən fəaliyyətlərlə bağlı məlumat verib. Qeyd edib ki, məqsəd təkcə infrastrukturun yenilənməsi deyil, həm də idarəetmə mədəniyyətinin müasirləşdirilməsidir: “Görülən işlər əvvəlcədən müəyyənləşdirilmiş strateji çərçivə və sistemli fəaliyyət planı əsasında ardıcıllıqla həyata keçirilib. Bu yanaşma resursların səmərəli idarə olunmasına və dayanıqlı nəticələr əldə etməyə imkan verib”.

Onun sözlərinə görə, idarəetmədə institusional islahatlar aparılıb, struktur optimallaşdırılıb, daha çevik və şəffaf idarəetmə mexanizmləri tətbiq olunub. Maliyyə intizamı gücləndirilib, əməkdaşların bacarıqlarının artırılması məqsədilə təlim və inkişaf proqramlarına start verilib. Daxili proseslərin standartlaşdırılması genişləndirilib, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üzrə təminat mexanizmləri də optimallaşdırılıb.

“İçərişəhərdə, o cümlədən Neftçilər prospekti boyunca fasadlar və balkonlar mərhələli şəkildə təmir olunub, tarixi görünüşə uyğun olmayan elementlər sökülüb. Uzun illərdən qalmış yararsız konstruksiyalar, səliqəsiz görüntü yaradan detallar aradan qaldırılıb, balkonlarda yerləşdirilmiş kombi sistemləri, antenalar və digər texniki elementlər mümkün qədər nizamlanıb və vizual mühitə uyğunlaşdırılıb”, – deyə o vurğulayıb.

Bununla yanaşı, İçərişəhərin giriş hissəsində – həm Neftçilər prospekti istiqamətindəki əsas girişdə, həm də Qoşa Qala qapısı ətrafında köşklərin sökülməsi həyata keçirilib. Bu addım ərazidə daha estetik və açıq ictimai məkanın formalaşdırılmasına imkan verib.

Həmçinin piyada hərəkəti üçün şərait yaxşılaşdırılıb və fiziki əlçatanlığın təmin olunması istiqamətində müvafiq tədbirlər görülüb. Bu, xüsusilə hərəkət imkanları məhdud olan şəxslərin İçərişəhər ərazisində daha rahat və təhlükəsiz hərəkət etməsinə şərait yaradır. Eyni zamanda Neftçilər prospekti istiqamətində gediş-gəlişin daha səmərəli təşkili üçün də əlavə addımlar atılıb.

Rüfət Mahmud bildirib ki, daxili ərazidə də genişmiqyaslı işlər görülüb. Bir çox ünvanlarda uzun illər plastik materiallarla örtülmüş, baxımsız vəziyyətdə olan balkon və fasad elementləri təmizlənərək ilkin görünüşün bərpası istiqamətində tədbirlər həyata keçirilib. 28 ünvanda sakinlərin mənzillərinin təmizlənməsi və məişət tullantılarının çıxarılması təmin olunub. Həmçinin bir sıra binaların fasadları yenilənib, baxımsız ərazilər mərhələli şəkildə təmizlənərək səliqəyə salınıb: "Digər infrastruktur xidmətlərinin yenilənməsi məqsədilə layihələr hazırlanıb. İşıqlandırma, kommunikasiya xətləri və texniki qurğularla bağlı yenilənmələr üzrə təkliflər formalaşdırılıb. Ümid edirik ki, 2026-cı ildə bu layihələrin icrasına başlanılacaq”.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak inkişaf konsepsiyası, İcma və Xidmət Mərkəzləri, eləcə də turizm və xidmət keyfiyyəti istiqamətində görülən işlər və prioritetlər barədə məlumat verib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun idarə heyətinin üzvü Aytac Əlisultanlı bildirib ki, “Ağıllı qoruq inkişaf strategiyası”nın mahiyyəti tarixi məkana müdaxilə etmək deyil, irsin mühafizəsi və idarə olunmasında müasir yanaşmaların tətbiqidir. Bura bizim bəşəri dəyərimiz, memarlıq incimizdir. İçərişəhər son iki əsri əhatə edən dövr boyunca müxtəlif idarəetmə formalarına şahidlik edib.

A.Əlisultanlı yaxın tarixə qısa nəzər salaraq qeyd edib ki, 1952–1957-ci illərdə İçərişəhərin qala divarları bərpa olunub, 1977-ci ildə İçərişəhərə tarix-memarlıq qoruğu statusu verilib, 1985-ci ildə isə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.  2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycandan UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən ilk obyekt olub.

Vurğulanıb ki, 2025-ci ildən İçərişəhər yeni dövrün çağırışları ilə üz-üzədir: “Ağıllı şəhər” dedikdə tarixi məkanlarda hər hansı dəyişiklik nəzərdə tutulmur. Biz bütün yeniliklərə hazır olmalı və irsin idarə olunmasında bu amilləri nəzərə almalıyıq”.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmsallaşdırma sektorunun müdiri Rəsul Çopurov yeni veb-sayt və mobil tətbiq, eləcə də nəqliyyat və kadastr sahəsində görülən işlər barədə təqdimatla çıxış edib.

Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.