Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının (Macarıstan) münsiflər heyətində təmsil olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov 2026-cı ildə keçiriləcək XVI Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətinin üzvü seçilib. Festivalın jürisi müxtəlif ölkələrdən tanınmış incəsənət, mədəniyyət və sirk xadimlərindən ibarətdir, heyətdə fəxri münsif qismində əfsanəvi sənətkar Çarli Çaplinin oğlu Yucin Çaplin də yer alıb.

Avropanın ən nüfuzlu sirk sənəti platformalarından biri hesab edilən bu festivalda Azərbaycanın münsiflər heyətində təmsil olunması ölkəmizin mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinin göstəricisidir və beynəlxalq mədəni dialoqun inkişafı baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, XVI Budapeşt Beynəlxalq Sirk Festivalı 2026-cı il 7–12 yanvar tarixlərində keçiriləcək.