Azərbaycan Dövlət Kukla Teatrında Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi əsasında hazırlanmış tamaşanın premyerası anşlaqla keçib.

Bu barədə teatrın mətbuat katibi Həmidə Rüstəmova məlumat verib. Qeyd edib ki, S.S.Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan təsirli hekayə ədibin vəfatından sonra, 1948-ci ildə Abdulla Şaiq tərəfindən səhnələşdirilərək pyesə çevrilib və ötən illərdə müxtəlif teatrlarda uğurla tamaşaya qoyulub. Kukla Teatrının səhnəsində isə bu əsər 1970-ci illərdə oynanılıb və repertuardan çıxarılıb.

Uzun fasilədən sonra əsərə yenidən müraciət olunması bir növ onun səhnəyə qayıdışıdır. Bu dəfə “Qaraca qız”a həzin və düşüncəli yanaşma gətirilib, onun vizual gücü artıb. Beləcə klassik əsərin bədii ruhunu qorumaqla yanaşı, müasir uşaq auditoriyasına uyğun dramaturji və vizual həllər tətbiq edilib. Nəticədə final səhnəsində faciə yumşalaraq, qəhrəman simvola – əfsanəyə çevrilib, ona ümidverici mesaj qazandırıb.

Tamaşanın yeni səhnələşdirmə və quruluş müəllifi rejissor Səidə Haqverdiyevadır.

Səhnə əsərinin musiqi tərtibatı xüsusi qeyd olunmalıdır. Əməkdar artist Vüqar Camalzadənin bəstələri, Sevinc Nuruqızının yazdığı mahnı sözləri əsərin emosional dərinliyini daha da gücləndirir.

Quruluşçu rəssam Rəvanə Yaqubova isə kuklalar və səhnə elementləri vasitəsilə əsərin həm realist, həm də nağılvari atmosferini balanslı şəkildə təqdim edib.

Birhissəli uşaq tamaşasında obrazları Prezident mükafatçısı Aygül Ağayeva, aktyorlar Cavid İbrahimov, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli Abbasova və Bayram Ağamalıyev ifa edirlər.

Sürətli keçidlər sayəsində həm nağılçı, həm də kukla ifaçısına çevrilən aktyor heyəti tamaşaçı ilə kukla arasındakı emosional ünsiyyəti təsirli edə biliblər. Tamaşada musiqi və səhnə hərəkəti ilə sinxronluq maraqla qarşılanır.