Tarixdəki olaylar

 

22 dekabr 1919  Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumət kabinəsinin tərkibi parlamentdə təsdiqlənib. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi 4-cü koalisiya hökuməti 1919-cu ilin aprel – dekabr aylarında iş basında olmuşdu. Cümhuriyyətin yeni və sonuncu hökumət kabinəsi də N.Yusifbəylinin rəhbərliyi ilə təşkil olundu.

 

22 dekabr 1992 – Azərbaycan parlamenti (Ali Sovetin Milli Şurası) dövlət dili haqqında qanun qəbul edib. Qanunda dövlət dilinin “türk dili” kimi qeyd edilməsi alimlər arasında və cəmiyyətdə ziddiyyət doğurdu. 1995-ci ildə qəbul edilən Konstitusiyada dövlət dilinin adı “Azərbaycan dili” olaraq təsbit olundu.

 

22 dekabr 1993 – Ermənistanın işğalçı qüvvələrinin hücumlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Füzuli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçib. Uğurlu əməliyyat nəticəsində 1994-cü il yanvarın əvvəlində rayonun bir sıra kəndləri və Horadiz qəsəbəsi işğaldan azad edildi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

22 dekabr 1858 – İtalyan bəstəkarı Cakomo Puççini (Giacomo Puccini; 1858 – 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.

 

22 dekabr 1898 – Əməkdar incəsənət xadimi, rejissor, aktyor Ağarza Səməndər oğlu Quliyev (1898 – 15.9.1976) Lənkəranda doğulub. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib, filmlərdə çəkilib.

 

22 dekabr 1906 – Xalq artisti, xanəndə Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub. 1930-cu ildən Dövlət Opera və Balet Teatrında çalışıb.

 

22 dekabr 1911 – Tanınmış jurnalist, pedaqoq Nəsir Əsədulla oğlu İmanquliyev (1911–1998) Bakıda doğulub. “Bakı” (“Baku”) qəzetinin yaradıcısı və 30 ilə yaxın baş redaktoru, BDU Jurnalistika fakültəsinin müəllimi olub.

 

22 dekabr 1920 – Yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (1920 – 25.6.1980) Bakıda doğulub. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub.

 

22 dekabr 1934 – Xalq artisti İbrahim Əhməd oğlu Məmmədov (Bənəniyarlı; 1934 – 9.9.2014) Naxçıvan MR Culfa rayonunun Bənəniyar kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

 

22 dekabr 1937 – Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937 – 21.4.2005) Naxçıvanda doğulub.

 

22 dekabr 1937 – Rus yazıçısı Eduard Uspenski (1937–2018) anadan olub. Uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodor dayı, it və pişik”) müəllifidir.

 

22 dekabr 1939 – Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Rauf Əbdüləli oğlu İsmayılov (1939–2019) anadan olub.

Hazırladı: Vüqar Orxan