Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.
Görüşdə rəsmilər, elm və mədəniyyət, xadimləri, ziyalılar iştirak ediblər.
Aparıcı tədbiri giriş sözü ilə açaraq görkəmli yazıçının həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Anar Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlər göstərib. Anar həm də istedadlı rejissor və ssenarist kimi tanınır. Onun yüksək səviyyəli əsərləri xalqımızın mənəviyyatının zənginləşməsində və mədəni inkişafında mühüm rol oynayıb. Yazıçının əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Anarın əsərləri bu gün də böyük maraq və həvəslə mütaliə olunur.
Xalq yazıçısı çıxışında görüşün təşkilinə və səslənən xoş fikirlərə görə minnətdarlığını bildirib. O, müasir Azərbaycan və dünya ədəbiyyatının problemlərindən söz açaraq maraqlı mövzulara toxunub, tələbə-gənclərə bədii ədəbiyyat oxumağı tövsiyə edib.
Ədib daha sonra iştirakçıların suallarını cavablandırıb, xatirə şəkilləri çəkdirilib.























