Dekabrın 18-də Azərbaycan Rəssamlar İttifaqının salonunda Azərbaycan və Şimali Kiprə həsr olunmuş “Qardaşlığımız əbədidir” adlı sərgi açılıb. 

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycandakı Nümayəndəliyi, YAP Yasamal rayon təşkilatı və "Beynəlxalq Qalereya"nın birgə təşkilatçılığı ilə keçirilən sərgidə müxtəlif yaş qruplarından olan rəssamların Azərbaycan və Şimali Kiprə həsr etdikləri əsərlər nümayiş olunub.

Tədbirdə çıxış edən ŞKTC-nn Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib, sərginin bu qardaşlıq münasibətlərinə töhfə olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Şimali Kiprlə Azərbaycan arasında çox güclü bir könül bağı mövcuddur: “Biz bu qardaşlığı daha da möhkəmləndirmək, bu əlaqələri daha güclü etmək üçün kiçik, lakin mənalı bir addım atmaq istədik. Bu gün sərgidə nümayiş olunan əsərlər həqiqətən çox dəyərlidir. Həm peşəkar, həm də həvəskar azərbaycanlı rəssamlar sərgidə ölkələrimizin təbiətini, mədəniyyətini və sivilizasiyasını əks etdirən əsərlərlə iştirak ediblər”.

2025-ci ilin ölkələrimiz arasında əlaqələr baxımından dolğun və məhsuldar olduğunu, hər iki tərəfdən səfərlərin reallaşdığını deyən Ufuk Turqaner vurğulayıb ki, qarşılıqlı əlaqələr cəhətdən 2026-cı il daha da dinamik və intensiv olacaq.

Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, layihə ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə töhfə verməklə yanaşı, Şimali Kiprin Azərbaycanda tanıdılması baxımından da əhəmiyyət daşıyır. Növbəti mərhələdə sərginin Şimali Kiprdə keçirilməsi nəzərdə tutulur.

YAP rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva vurğulayıb ki, qardaşlıq bağları mənəvi dəyərlərin yüksək səviyyədə təzahürüdür. Onun sözlərinə görə, bu cür tədbirlər Azərbaycan ilə Şimali Kipr arasında münasibətlərin inkişafına töhfə verir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və digər iştirakçıılar da sərgi barədə fikirlərini bölüşüblər. 

Sərgidə azərbaycanlı gənc rəssamların Şimali Kirpin tarixi-mədəni irsini, təbii gözəlliklərini təsvir edən əl işləri xüsusilə maraqla qarşılanıb.