“Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşası haqqında

Mirzə Fətəli Axundzadənin qələmə aldığı altı məşhur komediyadan biri olan “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadükuni-məşhur” komediyasında Şərq cəmiyyətində geniş yayılmış cahillik, mövhumat, cadugərlik, avamlıq, həmçinin Avropa elm və sivilizasiyasına qarşı primitiv müqavimət kimi problemləri satirik dillə ifşa edir. Əsərin mərkəzində iki zidd qüvvə dayanır. Avropadan gələn təbiətşünas, elm və rasional düşüncənin daşıyıcısı sayılan Müsyö Jordan və mövhumat və cadugərlik “peşəsi” ilə xalqı aldadan uydurma dini mistikanın rəmzi hesab edilən dərviş Məstəli şah...

Bu günlərdə Ağdam Dövlət Dram Teatrının səhnəsində gənc və istedadlı rejissor Fuad Cavadzadənin quruluşunda M. F. Axundzadənin məşhur komediyası əsasında hazırladığı “Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasının premyerasına baxdım.

İlk öncə qeyd etməliyəm ki, Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində ərsəyə gələn tamaşanın maraqlı rejissor traktovkası Ağdam Dövlət Dram Teatrının ənənələrini özünə qaytarmış oldu. Rejissor Fuad Cavadzadə müəllif ideyasına sadiq qalaraq əsərin əsas süjet xəttindən irəli gələn elmin mövhumata qalib gəlməsi, cəmiyyətin tərəqqiyə doğru yönəlməsinin vacibliyi prizmasından çıxış edərək uğurlu səhnə həllini təqdim edə bilmişdir. Rejissor traktovkasına görə əsərin süjet xətti və dramaturji quruluşu əsasən üç mühüm xətt üzərində inkişaf edir. Müsyö Jordan və Şahbazın Parisə getmək arzusu, Şahbaz – Şəhrəbanu – Şərəfnisə üçbucağı və Dərviş Məstəli şahın “cadugərlik” fəaliyyəti.

Rejissorun uğurlu təqdimat baxışı daha dolğun və maraqlı olmaqla Şahbazın bir gənc olaraq elm öyrənmək, Avropa mədəniyyətini görmək istəyindən irəli gələrək maarifçilik və modernləşmə ideyasını ifadə etməsi, eləcə də Şəhrəbanu xanımın Avropa və elmi inkişafdan qorxan köhnə düşüncəli Şərq qadın obrazının təqdimi. həmçinin hadisələrin inkişafı fonunda Dərviş Məstəli şah tərəfindən guya göydəki “cin ordusunu” hərəkətə gətirərək Parisə “qəza-bəla göndərdiyini” iddia etməsi səhnədə daha dolğun güclü satirik məzmunu təşkil edir. Həmçinin qeyd etməliyəm ki, tamaşa boyu Müsyö Jordan obrazının səhnə təqdimatı rejissorun quruluş ideyasından irəli gələrək surətin həm də Avropa elminin Qafqaza gəlişini simvolizə edir. Rejissor səhnə təfsirində cahil xalqı aldadıb cadugərlik, falçılıq, ruhanilik pərdəsi altında öz mənfəətini güdən sarsaqlığın rəmzi olaraq bütün “möcüzələri” baş verən hadisələrin təsadüfən üst-üstə düşməsi ilə bağlılığını ön plana çəkməklə xalqın avamlığından bəhrələnən saxtakar ruhani – mövhumat tandemini maraqlı detallarla ifşa edir. Əsərin bütün konfliktləri elm – mövhumat qarşıdurması ideyası üzərində qurulub. Səhnə quruluşunda xüsusi önəm verilən əsas amillərdən biri də məhz dialoqların çox canlı və xalq danışıq dilinə uyğunlaşdırılmasıdır. Hər obrazın özünəməxsus danışıq tərzi var.

Müsyö Jordan obrazını gənc və istedadlı aktyor Anar Əhməd ifa edir. Obrazın xarakterik xüsusiyyətlərindən irəli gələrək onun xarici görünüşü, davranışı və danışıq tərzi yerli insanlardan fərqlənir. Aktyor öz maraqlı ifa tərzi ilə bu kimi fərqləri daha böyük ustalıqla satira vasitəsilə qabarıqlaşdıra bilir. Aktyorun ifasında obraz həmçinin elm, mədəniyyət və Avropa düşüncə tərzinin simvolu olaraq da təqdim edilir. Anar Əhməd öz ifa tərzi ilə yerli adət-ənənələri anlamayan, sadaladığı elmi terminləri şişirdilmiş şəkildə təqdim etməklə baş verən hadisələri həm müsbət, həm də satirik planda göstərə bilir. Məhz aktyorun ifasında bu kimi satirik təqdimat surətin real, canlı bir obraz olaraq təqdiminə müvəffəq olur.

Maraqla izlənən surətlərdən biri də aktrisa Zərifə Ağayevanın ifasında Şərəfnisə obrazıdır. Şərəfnisə pyesdə Şahbazın nişanlısıdır. Aktrisanın ifasında bu obraz təbiətən mehriban, zərif, utancaq və romantik surət olaraq təqdim olunur. O, qadın qəhrəman kimi əsərin emosional xəttini özünəməxsus ştrixlərlə yaratmaqla hadisələrin inkişafında mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, Şərəfnisənin simasında dövr üçün qadınların cəmiyyətdəki sosial mövqeyi əks etdirilir. Bu baxımdan da obraz maraqla izlənilir. Aktrisa Zərifə Ağayevanın ifasında ən mühüm cəhətlərdən biri də onun mövhumatın qurbanı kimi göstərilməsidir. Nəticə etibarı ilə Şərəfnisə əsərdə sadə “sevgili qız” obrazı deyil, Şərq qadınının cəmiyyət içindəki vəziyyətinin bədii modelidir. Onun sevgi, qorxu, ümid və məyusluq arasında qalan ruh halı əsərin həm sosial, həm də emosional qatlarını tamamlayır.

Şahbaz bəy əsərdə maarifçi, elm və tərəqqi arzusunda olan gənc kimi təqdim edilir. O, müasir düşüncəli, dəyişiklik istəyən Azərbaycan gəncinin bədii simvoludur. Fransaya getmək, Parisdə təhsil almaq və dünya mədəniyyətini mənimsəmək istəyir. Bu obrazı aktyor Fərhad Fərhadzadə ifa edir. Aktyorun ifasında obraz maarifçi ideyaların daşıyıcısı, həmçinin öz dövrü üçün müdafiə etdiyi maarifçilik ideyalarının canlı ifadəsidir. Aktyorun təqdimatında Şahbaz bəy obrazı həmçinin qərbə yönələn, dəyişiklik istəyən müsbət bir tipdir. Onun xarakteri köhnəfikirliliklə yenilik arasında gedən mübarizəni təcəssüm etdirir. Şahbaz bəy obrazı həm də ictimai idealların daşıyıcısıdır. Bu kimi xüsusiyyətlər isə onu pyesin ən obyektiv və “ağıllı” personajlarından birinə çevirə bilir. Qeyd etdiyimiz kimi, Şahbaz bəy yalnız fərdi qəhrəman deyil, həmçinin mütərəqqi Azərbaycan gəncliyinin simvoludur  və bu simvolik qat aktyorun ifasında təqdim edilməklə maarifçilik ideyasını bədii formada gücləndirmiş olur.

Tamaşada maraqla izlənilən obrazlardan biri də aktrisa Afərdə Əhmədovanın ifasında Şəhrəbanu xanım obrazıdır. Aktrisanın ifasında obraz sanki tipik Şərq qadını modelinin nümayəndəsi olaraq təqdim edilməklə bütün düşüncə tərzi, davranışları, qorxuları və inamları dövrün qadın dünyasını təcəssüm etdirir. Şəhrəbanu xanım obrazının ən mühüm xarakterik cəhəti onun mövhumata sonsuz inamıdır. Bu xüsusiyyət onu əsərin satirik hədəflərindən birinə çevirir. Aktrisanın ifasında Parisin cadularla “dağıldığına” inanması, Dərviş Məstəli şahın dumanlı sözlərini ilahi həqiqət kimi qəbul etməsi və Müsyö Jordanı “cadugərin hədəfi” kimi görməsi kimi elementlər obrazın komediya janrına yaxın etməklə onu daha da gücləndirə bilir. Şəhrəbanu xanım cərəyan edən hadisələr fonunda məhz mövhumata inanması, həmçinin Müsyö Jordan və Şahbazın maarifçi düşüncəsi arasında bir təzad yaratması ilə xüsusi olaraq pyesin ideya yükünü artırmış olur.

Aktyor Ramil Hüseynzadənin ifasında təqdim edilən Hatəmxan ağa obrazı da maarifçilik ideyalarından uzaqdır, fikirlərində əsasən “eşitdiyi sözlər”, “qorxulu rəvayətlər” və yerli mühitin inamlarına söykənir. Aktyorun ifasında obrazın tipik xüsusiyyətləri kimi Avropa mədəniyyətindən çəkinmə, yeniliyə ehtiyatla yanaşma, mövhumata inanma (tam fanatik olmasa da, təsir altında qalır), çox vaxt isə qərarsızlıq və bir qədər sadəlövhlük əsas göstərilməklə satirik fonda tənqid obyektinə çevrilə bilir. Obraz tamaşa boyu cərəyan edən hadisələrin burulğanında cəmiyyətin tərəddüd içində olan hissəsini simvolizə edir. Bu baxımdan aktyorun ifası maraqla izlənilir.

Aktrisa Xəyalə Xudadatovanın oynadığı Xanpəri obrazı davranış və düşüncə tərzi ilə dövrün məişət həyatını və xalq psixologiyasını əks etdirə bilir. Xanpəri də pyesin qadın qəhrəmanlarının əksəriyyəti kimi mövhumatın təsiri altındadır. Rejissor traktovkasına uyğun olaraq tamaşa boyu səhnədə Xanpəri obrazı aktrisa Xəyalə Xudadatovanın ifasında cərəyan edən hadisələrdə sakit fon yaratmaq üçün deyil, hərəkətverici, komik və sosial ideyanı gücləndirən bir obraz olaraq təqdim edilir. O, sadə xalq qadınının düşüncə tərzini, mövhumata aldanmasını və emosional reaksiyalarını özündə birləşdirir.

Dərviş Məstəli şah əsərin əsas satirik obrazlarından biridir. O, mövhumat, cadugərlik və saxtakarlığın canlı təcəssümüdür. Aktyor Qalib Abdullazadə ifasında Dərviş Məstəli şah yalnız fərdi tip deyil, həm də cəhalət və mövhumatın təcəssümüdür. Əslində, Dərviş Məstəli şah obrazı Şərq mistisizmini, xurafatını və onun cahil cəmiyyətdə necə təsirli olduğunu tənqid etmək məqsədilə yaradılmış bir satirik obrazdır. O, “cadugər” kimi görünərək, insanların zəifliklərindən batil inanclar, dünya malına hərislik və s. istifadə etməklə öz mənafeyinə xidmət edən hiyləgər bir obraz olaraq maraqla baxılır. Məhz müəllif ideyasına uyğun olaraq və rejissor təfsirindən irəli gələrək aktyor Qalib Abdullazadə də obrazın mahiyyət etibarı ilə düzgün formada təqdimatına çalışmaqla diqqət mərkəzində olmağı bacarmışdır.

Tamaşada qasid (Camal Zamanov), nökər (Tural Yusifov), xanəndə (Behbud Əsgərov), tarzən (Turan Nərimanov) və kamançaçı (Yusif Ziyadlı) kimi epizodik obrazları da aktyorlar tərəfindən yaddaqalan surətlər olaraq təqdim edilir.

Tamaşanın quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə və rəqslərin quruluşu olan Şükür Həsənzadənin əməyinin də tamaşada ümumi ahəngin qorunmasına və yeni ruhda təqdiminə tövbə verdiyi xüsusi qeyd edilməlidir.

Səhnədə hər bir detalın vəziyyətə uyğun işlənməsi ümumi bədii bütövlüyün formalaşmasında mühüm rol oynayır və quruluşçu rejissorun düşünülmüş yanaşmasını nümayiş etdirir. Heç bir səhnə elementi təsadüfi xarakter daşımır, əksinə, hər detal hadisələrin gedişinə, obrazların xarakterinə və ideyanın çatdırılmasına xidmət edir. Səhnə dekorasiyası tamaşa boyu dəyişən situasiyalara uyğun olaraq funksional məna daşıyır. Məsələn, Dərviş Məstəli şahın məkanı qaranlıq tonlar, dar və sıx mühitlə təqdim olunaraq mövhumat və gizli cadugərlik atmosferini gücləndirir. Bunun əksinə olaraq, Müsyö Jordanın olduğu səhnələrdə daha açıq məkan təsiri yaradılır, rekvizitlər (bitkilər, kitablar, alətlər) elmi marağı və rasional düşüncəni simvolizə edir. Beləliklə, dekorasiya ideoloji qarşıdurmanın vizual ifadəsinə çevrilir.

Kostyum və rekvizitlərin işlənməsi də diqqətəlayiqdir. Obrazların geyimi onların sosial mövqeyini, dünyagörüşünü və daxili aləmini əks etdirir. Dərviş Məstəli şahın geyimi onun saxta müqəddəsliyini və mövhumata əsaslanan fəaliyyətini vurğulayır, Müsyö Jordanın kostyumu isə Avropa mədəniyyətinə və elmi tərəqqiyə bağlılığı bilavasitə ifadə edir. Rekvizitlərin səhnə boyu məqsədyönlü istifadəsi (kitab, bitki nümunələri, cadugərlik əşyaları, lampa, samovar və s.) hadisələrin ümumi axıcılılığına böyük təsir göstərir. Həmçinin tamaşada səhnənin hər bir detalı situativ və məntiqi ardıcıllıqla işlənərək həm komik effekti gücləndirir, həm də əsərin əsas ideyasının – elm və cəhalət qarşıdurmasının tamaşaçıya daha aydın çatdırılmasına xidmət edir.

Beləliklə, Ağdam Dövlət Dram Teatrının səhnəsində gənc rejissor Fuad Cavadzadənin quruluşunda təqdim olunan tamaşada Axundzadənin əsas ideyası olaraq elmi düşüncə ilə mövhumatın, rasional ağıl ilə xurafatın toqquşması canlı və təsirli formada təqdim olunur. Bəzi hallarda obrazların xarakteri şişirtmə və komik çalarlarla verilsə də, bu, əsərin satirik ruhuna uyğundur. Dialoqların canlılığı, situasiya komizmi və milli koloriti tamaşanın təsir gücünü artırır.

Son nəticədə tamaşa yalnız gülüş məqsədi daşımır, əksinə maarifçi çağırışı edərək cəmiyyətin inkişafı üçün elmə, düşüncəyə və yeniliyə açıq olmağın vacibliyini xüsusi olaraq vurğulayır. Bu baxımdan tamaşa həm klassik irsin müasir formada baxışı, həm də aktual sosial mesaj daşıyan uğurlu səhnə əsəri kimi müsbət qiymətləndirilə bilər.  

Anar Ərtoğrul Burcəliyev

teatrşünas-tənqidçi