Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus iz qoyan Xalq şairi Osman Sarıvəllinin (1905– 1990) 120 illiyinə həsr olunmuş kitab sərgisi təşkil edilib.
Kitabxanadan bildirilib ki, sərgidə şairin seçilmiş əsərləri, şeirləri, poemaları, tərcümələri, eləcə də haqqında işıq üzü görən nəşr materialları yer alıb. Osman Sarıvəllinin sözlərinə bəstələnmiş musiqi notları, həyatı, yaradıcılığı haqqında xatirələr, müxtəlif illərdə çap olunmuş məqalələr topluları da nümayiş olunub.
Xalq şairi Osman Sarıvəlli “Bənövşə” (1940), “Şairin hədiyyəsi” (1943), “Gətir, oğlum, gətir” (1943), “Gənclik eşqi” (1946), “Bahar çiçəkləri” (1949), “Yeni dünyanın qapısı” (1950), “İqlimdən-iqlimə” (1963), “Sabahı yaradanlar” (1970), “Hər kim yüz il yaşamasa” (1976) və s. kimi kitabları ilə Azərbaycan ədəbiyyatına mühüm töhfələr verib. Yaradıcılığı yüksək qiymətləndirilən şair orden və mükafatlara layiq görülüb.



















