Tarixdəki olaylar
17 dekabr 1946 – Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Milli Hökuməti devirən İran silahlı qüvvələri Təbriz, Ərdəbil, Urmiya, Mərənd və digər şəhərlərdə kütləvi həbs və qırğınlar həyata keçiriblər. Təbrizdəki Pişəvəri hökumətinin üzvləri – Azərbaycan Demokrat Firqəsinin rəhbərləri dekabrın 12-də həbs edilmişdi. Bunun ardınca Cənubi Azərbaycanda milli hərəkat fəallarına divan tutuldu, yüzlərlə insan həlak oldu, minlərlə soydaşımız didərgin düşdü. Qanlı repressiyaların pik nöqtəsi dekabrın 17-də təsadüf etdi. Cənublu soydaşlarımızın mühacir təşkilatları 17 dekabrı “Güney Azərbaycanda milli soyqırım günü” kimi qeyd edirlər.
17 dekabr 2004 – Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri keçirilib. Ölkə üzrə 2730 bələdiyyəyə ümumilikdə 21600-dan çox bələdiyyə üzvü seçilib. 30-dan çox partiya təmsilçisinin iştirak etdiyi seçkilərdə 39 minədək bələdiyyə üzvlüyünə namizəd qeydə alınmışdı ki, onların da yarıdan çoxunu (21 min) YAP nümayəndələri təşkil edirdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
17 dekabr 1893 – Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator; 1893 – 30.3.1966) anadan olub.
17 dekabr 1905 – Xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov; 1905 – 3.7.1990) Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndində anadan olub. Sözlərinə mahnılar yazılıb.
17 dekabr 1924 – Filologiya elmləri doktoru, mətbuat xadimi, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməmməd oğlu Hüseynov (1924 – 24.6.2019) Şəkidə doğulub.
17 dekabr 1987 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (29.8.1929 – 1987) vəfat edib. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub.
17 dekabr 1993 – Xalq yazıçısı, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 – 1993) vəfat edib. “Gələcək gün”, “Böyük dayaq” romanları, “Həyat”, “Kəndçi qızı” pyesləri və s. əsərlərin müəllifidir.
17 dekabr 2024 – İspaniyalı teatr və kino aktrisası Marisa Paredes (3.4.1946 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan























