Bakı Slavyan Universitetində (BSU) Dünya Türk Dili Ailəsi Gününə (15 dekabr) həsr olunan “Türk dili – ana dilim” adlı tədbir keçirilib.

BSU-dan verilən məlumatda bildirilir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ildə andiçmə mərasimində Türk dünyası ilə bağlı səsləndirdiyi fikirləri əks etdirən videoçarx nümayiş olunub.

BSU-nun rektoru Anar Nağıyev giriş sözündə diqqətə çatdırıb ki, UNESCO-nun Baş Konfransının 2025-ci ilin noyabr ayında keçirilmiş 43-cü sessiyasında 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü elan edilməsi yalnız türk ölkələri arasında mədəni əməkdaşlığın gücləndirilməsi deyil, eyni zamanda, türk xalqlarının ortaq mənəvi köklərinin, dil və dəyərlərinin beynəlxalq miqyasda tanınmasının parlaq göstəricisidir.

Qeyd olunub ki, UNESCO tərəfindən türk dillərinin vahid dil ailəsi kimi tanınması və bu münasibətlə xüsusi günün təsis edilməsi ali təhsil müəssisələri baxımından türkologiya elminin və türk kimliyinin qlobal nüfuzunun artmasının açıq ifadəsidir. Bu addım türk dillərinin bəşəri mədəniyyətin ayrılmaz hissəsi kimi qəbul edildiyini bir daha təsdiqləyir.

Rektor çıxışında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinin bu günün mahiyyətini ifadə etdiyini qeyd edərək, vurğulayıb ki, türk dilləri ailəsi də yalnız elmi-linqvistik anlayış deyil, minilliklər boyu formalaşmış ortaq tarixi yaddaşın, mədəni irsin və mənəvi birliyin daşıyıcısıdır.

A.Nağıyev bildirib ki, 2012-ci ildə Bişkekdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında yaradılan Türk Dövlətləri Universitetlər Birliyi və “Orhun” Mübadilə Proqramı elm və təhsil sahəsində əməkdaşlığı təşviq edir. BSU da 2024-cü ildən Türk Dövlətləri Universitetlər Birliyinin üzvüdür. BSU-da fəaliyyət göstərən Türk araşdırmaları mərkəzində, həmçinin Türkologiya və Balkanşünaslıq kafedralarında türk dilinin öyrənilməsi, türkoloji tədqiqatların aparılması universitetin mühüm əsaslarından birini təşkil edir.

Rektor BSU-nun Bolqarıstan, Ukrayna, Belarus və Rusiyada fəaliyyət göstərən mərkəzlərində Azərbaycan dili dərslərinin təşkili, eləcə də xarici tələbələr üçün hazırlanmış Azərbaycan dili dərslikləri barədə də məlumat verib, Qazaxıstanın Şimkent Universiteti, Türkiyənin Mərmərə, Trakya, Tekirdağ Namiq Kamal, Rumeli universitetləri, eləcə də Özbəkistan Namanqan Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini bildirib.

Sonda vurğulanıb ki, 200 milyondan çox insanın danışdığı türk dilləri ailəsi dünyanın ən böyük dil qruplarından biridir. 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü ortaq dilimizin, ortaq kökümüzün və ortaq mənəvi dəyərlərimizin bayramıdır.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə (Türkmənistan, Özbəkistan və Qırğızıstan) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı Dünya Türk Dili Ailəsi Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, bu əlamətdar gün üçün dekabrın 15-nin seçilməsi təsadüfi deyil. Avropalı türkoloq alim Vilhelm Tomsen 1893-cü il dekabrın 15-də “Orxon” kitabələrinin türk dilində yazıldığını beynəlxalq elmi ictimaiyyətə təqdim edib. 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Nağıqızı çıxışında vurğulayıb ki, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda, düşüncənin, mədəniyyətin və mənəvi dəyərlərin ifadə formasıdır. Dil xalqın dünyagörüşünü, tarixi yaddaşını və intellektual irsini nəsildən-nəslə ötürən əsas amildir.

Milli Məclisin deputatları Mehriban Vəliyeva, Günay Əfəndiyeva, Hikmət Babaoğlu, Bakı Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan, BSU-nun Türkologiya kafedrasının professoru Nuridə Novruzovanın çıxışlarında dilin nəsillərarası körpü olduğunu, bir xalqın dili yaşadıqca onun gələcəyinin də qorunduğunu qeyd ediblər. Türk dilinin qədim tarixi və birləşdirici rolu xüsusi vurğulanıb.

Mahirə Nağıqızının sözlərinə bəstələnmiş “Əsr türkün olacaq” mahnısının klipi nümayiş olunub.

Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər yaradıcılıq mərkəzinin şagirdləri tərəfindən bədii kompozisiya təqdim edilib.