Sumqayıt Dövlət Dram Teatrı osetin dramaturqu Georgi Xuqayevin “Varlı ev” əsərinin tamaşası ilə Bakı teatrsevərləri qarşısında çıxış edib. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunub.
Teatrdan bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur. Pyesi rus dilindən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu tərcümə edib. Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi tərtibatçısı Şəmistan Muradxanlıdır.
“Varlı ev” tamaşası XX əsrin əvvəllərində sərt ailə qaydaları altında yaşayan bir ailənin faciəsini, var-dövlət hərisliyinin insan talelərini necə sındırdığını və ailə münasibətlərini necə dağıtdığını bədii-estetik dillə tamaşaçıya təqdim edir.
Səhnə əsərində rolları Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, aktyorlar Oqtay Mehdiyev, Habil Xanlarov, Şəmistan Süleymanlı və Məryəm Hüseynli ifa ediblər.
Sumqayıt Dövlət Dram Teatrının Bakı səhnəsində növbəti çıxışı teatrlararası əlaqələrin möhkəmləndirilməsi və paytaxtdan kənarda fəaliyyət göstərən yaradıcı kollektivlərin daha geniş sənət auditoriyasında tanınması baxımından əlamətdar hadisədir.
Xatırladaq ki, Sumqayıt Dövlət Dram Teatrı noyabr ayında Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı Bakıda, Akademik Rus Dram Teatrının səhnəsində təqdim etmişdi.
























