Dekabrın 15-də BMT-nin Sivilizasiyalar Alyansının Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyad şəhərində keçirilən XI Qlobal Forumu çərçivəsində tematik panellər təşkil olunub.
Koventri Universitetinin (Böyük Britaniya) Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru professor Mayk Hardinin moderatorluğu ilə keçirilən “Mədəniyyətlərarası dialoqun təşviq edilməsi, irsin canlandırılması: dayanıqlı gələcəyin formalaşdırılması” mövzusunda tematik paneldə Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı çıxış edib.
Dayanıqlı inkişafın təmin olunmasında iqtisadi və ekoloji faktorlarla yanaşı, sosial-mədəni dayanıqlılığın önəminə toxunan nazirliyin nümayəndəsi ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun fəal təbliğatçısı olduğunu, bu məqsədlə “Bakı Prosesi” kimi təşəbbüslərin müəllifi olduğunu qeyd edib. Bildirilib ki, dialoqun mənbələri haqqında düşünərkən mədəni irs xüsusi qeyd olunmalıdır. Azərbaycan dövləti tərəfindən hazırda Qarabağ və Şərqi Zəngəzurda miqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Paneldə Azərbaycan azad olunmuş torpaqlarında tarix-mədəniyyət abidələri ilə yanaşı, qeyri-maddi mədəni irsin və mədəni mühitin canlandırılması istiqamətində sistemili işlər görüldüyü diqqətə çatdırılıb, Böyük Qayıdış dövlət proqramı haqqında məlumat verilib.
Mövzu üzrə moderatorun sualını cavablandıran A.Bağırlı Azərbaycanda mənşəyindən asılı olmayaraq bütün irs obyeklərinə qarşı dövlətin xüsusi diqqət və qayğısından bəhs edib. Bundan əlavə, Heydər Əliyev Fondunun həm ölkə daxilində, həm də dünyanın müxtəlif yerlərində mədəni irsin bərpasına dəstək göstərdiyi vurğulanıb.
Paneldə auditoriyanın müvafiq suallarına cavab olaraq Azərbaycan dövlətinin 24 Afrika ölkəsinin UNESCO üzrə milli komissiyaları üçün 2022–2023-cü illərdə təşkil etdiyi mədəni irsin qorunması üzrə təlimlər haqqında məlumat verilib, növbəti 4 il üçün UNESCO-nun Dünya İrsi Komitəsinə seçilmiş ölkə olaraq bütün dünyada mədəni irsin qorunmasına daha fəal töhfə vermək üçün səylərini əsirgəməyəcəyi bildirilib.





















