AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Humanitar və ictimai elmlər yeni tarixi mərhələ müstəvisində” mövzusunda II Respublika elmi konfransı keçirilib.
Əlyazmalar İnstitutunun ev sahibliyi etdiyi konfransın plenar iclasını institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirli açaraq, bu cür aktual mövzunu əhatə edən elmi toplantının məhz gənclər tərəfindən keçirilməsini əhəmiyyətini vurğulayıb.
Əlyazmalar İnstitutunun Elektron xidmətlər şöbəsinin müdiri Səadət Mustafayeva konfransın təşkil olunmasında göstərdiyi dəstəyə görə AMEA-nın və istitutunun rəhbərliyinə minnətdarlığını bildirib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova çıxışında gənclərimizin cəmiyyətdə fəallığını və idarəetmədə rolunu qeyd edərək onların müasir elmimizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söz açıb, ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq bir nəslin formalaşdığını diqqətə çatdırıb.
Konfransın işi bölmə iclasları ilə davam edib.





















