Türk Dünyası Həftəsi çərçivəsində iyunun 30-da Bakı Dövlət Universitetində (BDU) BDU-nun nəşr etdiyi “Birinci Türkoloji Qurultayın dərsləri” və Türk Akademiyasının çap etdirdiyi “100 ilin ardından Bakı Türkoloji Qurultayı” və “Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” kitablarının təqdimatı olub.
Mərasimdə çıxış edən rektor Elçin Babayev diqqətə çatdırıb ki, iyunun 29-da Heydər Əliyev Mərkəzində açılışı və panel sessiyası keçirilən “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” beynəlxalq elmi konfransının bölmə iclasları BDU-da davam edir. Konfrans Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumu tərəfindən təşkil edilib.
“BDU ölkəmizdə türkologiya elminin əsas mərkəzlərindən biridir və türk xalqlarının tarixində mühüm elmi hadisə olan Birinci Türkoloji Qurultayın elmi-mədəni irsinə yenidən nəzər salmaq məqsədilə silsilə tədbirlər – konfranslar, elmi müzakirələr, sərgilər, görüşlər təşkil edir. Bu gün təqdimatı keçirilən kitablar həm qurultayda müzakirə olunan mövzuların yenidən elmi müstəviyə çıxarılması baxımından, həm də tədris vəsaiti kimi əhəmiyyətli olacaq. Birinci Türkoloji Qurultayın irsi hamı üçün yol göstərəndir. Bu istiqamətdə hamımız səylərimizi birləşdirməli, həm tədris prosesində, həm də elmi tədqiqatlarda həmin materiallardan düzgün istifadə etməyi bacarmalıyıq”, deyə Elçin Babayev əlavə edib.
Rektor bildirib ki, “Birinci Türkoloji Qurultayın dərsləri” kitabını Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov hazırlayıb. Kitab BDU Elmi şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilib.
Astanada yerləşən Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, rəhbərlik etdiyi qurum Türk dünyasının intellektual, mədəni mirasının tanıdılması və təbliği üçün müxtəlif layihələr həyata keçirir, kitablar nəşr etdirir: “Birinci Türkoloji Qurultayda iştirak edənlərin, demək olar, hamısı sonradan repressiyaya məruz qaldı, amma bu miras bu gün də davam edir. Həm türkologiya elminin inkişafında, həm də milli kimlik məsələsində bu mirasın çox böyük rolu var”.
“Birinci Türkoloji Qurultayın dərsləri” kitabının müəllifi, akademik Nizami Cəfərov qurultayın həm elmi-mədəni, həm də ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunduğunu bildirib. Qeyd edib ki, türk xalqlarının elmi-mədəni irsi birlikdə və ayrı-ayrılıqda öyrənilməli, Birinci Türkoloji Qurultayın keçirildiyi ötən əsrin 20-ci illəri tarixçilər tərəfindən dərindən araşdırılmalıdır: “Əlifba, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri – bunlar hamısı Birinci Türkoloji Qurultayın dərsləridir. Bu mövzuda kitabın hazırlanması çox məsuliyyətli işdir. BDU-nun bütün heyəti "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının hazırlanmasında iştirak edib. Əminik ki, bu sahədə yazılan kitablar, aparılan araşdırmalar türkologiyanı daha da zənginləşdirəcək”.
Milli Məclisin deputatı, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram və nümayəndəsi Aynur Mayemerova çıxışlarında Birinci Türkoloji Qurultayın Türk dünyasının ortaq yaddaşının qorunmasında rolunu vurğulayıblar.
Sonda BDU-nun bir qrup əməkdaşına Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub.
Nişanları mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim edib. O bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması və belə tədqiqatların aparılması türkologiyanın müxtəlif sahələrinin inkişafına təkan verəcək.

























