Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin (MEMİM) təşkilatçılığı ilə növbəti ustad dərsləri Mingəçevir şəhərində keçirilib.
MEMİM-dən verilən məlumata görə, fortepiano və tar ixtisasları üzrə ustad dərsləri Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşıb. Dərslərdə regional idarənin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhəri və Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonları musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində keçirilən tar ixtisası üzrə ustad dərsi Qarabağ Universitetinin İncəsənət fakültəsi İnstrumental ifaçılıq kafedrasının müdiri Arslan Növrəsli, fortepiano ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin fortepiano şöbəsinin fənn birləşmə komissiyasının sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımova tərəfindən aparılıb.
Tədbirdə çıxış edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş ustad dərsləri layihəsinin məqsədi Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılmasıdır. Qeyd olunub ki, ustad dərsləri müəllimlərin müasir tədris metodlarına yiyələnməsinə, onların peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə şərait yaradır.
Ustad dərslərində mütəxəssislər şagirdlərin ifasını dinləyib, tövsiyələrini verib və auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

























