Dekabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisinin açılışı keçiriləcək.
Muzeydən verilən məlumatda bildirilir ki, sərgidə müəllifin mövzu müxtəlifliyi ilə seçilən 50 əsəri nümayiş olunacaq.
Qarabağın zəngin mədəni irsini müasir vizual dildə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin minilliklər boyu qoruduğu yaddaşı XX-XXI əsrlərin estetik duyumu ilə birləşdirməkdir.
Sərgidə qədim xalça naxışları ilə vəhdətdə təsvir olunan Qarabağ atları, həmçinin qadın portretləri xüsusi yer tutur. Atın hərəkəti, gücü və poetik silueti ornamentlərin strukturlaşdırılmış ritmi ilə ahəngdarlıq təşkil edir. Digər əsərlərdə isə xalça motivləri qadının kimliyi, ruhu, keçmişlə əlaqəsi və müasir dünyada özünüifadə forması kimi təqdim olunur.
Ənənənin müasirliklə qovuşduğu “Naxış və siluet” sərgisi Qarabağın mədəniyyət xəzinəsinin qorunduğunu, eyni zamanda yenidən interpretasiya edilərək gələcəyə daşındığını göstərən sənət manifestidir.
Azərbaycan Milli Xalça Muzeyi xalqımızın zəngin xalça irsindən bəhrələnərək yeni əsərlər yaradan gənc rəssamlara daim dəstək göstərir. Bu baxımdan “Naxış və siluet” layihəsi milli irsin müasir təqdimatı istiqamətində növbəti əlamətdar hadisədir.
Sərgi dekabrın 21-dək davam edəcək.



















