Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsində islahatları çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və təhsilverənlərin peşə səriştəsinin artırılması məqsədilə keçirilən attestasiya prosesi ilə bağlı Gəncə şəhərində məlumatlandırıcı görüş təşkil olunub.

Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan görüşdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin təhsilverənləri iştirak ediblər.

Tədbir çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə attestasiyanın mahiyyəti və hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslar üzrə sahə və tematik mövzular, eləcə də nəzəri və praktiki məsələlər ətraflı şəkildə izah edilib və müzakirə olunub.

Qeyd olunub ki, bu tip məlumatlandırıcı görüşlərin əsas məqsədi musiqi və incəsənət məktəblərində çalışan müəllimlərə attestasiyanın keçirilmə qaydaları barədə sistemli məlumat vermək, attestasiya proqramına daxil olan mövzuları daha dolğun izah etmək və təhsilverənlərin attestasiyaya hazırlıq prosesinə metodiki dəstək göstərməkdir.

Məlumatlandırıcı görüşlərin digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri üçün də keçirilməsi nəzərdə tutulur.