Gəncədə ustad xanəndə, Xalq artisti Mənsum İbrahimovun 65 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

Tədbir Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşib.

Sənətkarla görüşə dövlət qurumlarının nümayəndələri, şəhər ictimaiyyəti, çoxsaylı musiqisevər gəlib.

Əvvəlcə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin aparıcı olduğu gecədə Mənsum İbrahimovun zəngin sənət yolundan söz açıb, ona yubileyi münasibətilə təbriklər çatdırılıb.

Konsert proqramında tanınmış ifaçıların təqdimatında muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib.

Mənsum İbrahimov tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.