Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil ocağının 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanda memarlıq təhsilinin dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
Konfransın açılış mərasimində çıxış edən AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova ali məktəbin tarixinə nəzər salıb. Qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi tarixi 1975-ci ildən hesablansa da, bu ali təhsil müəssisəsinin kökləri XX əsrin əvvəllərinə dayanır. 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmış İnşaat fakültəsi ölkəmizdə mühəndis və memar kadrlarının hazırlanması istiqamətində mühüm başlanğıc nöqtəsi olub. 1930-1934-cü illərdə fəaliyyət göstərmiş İnşaat və Memarlıq İnstitutu isə həmin dövrdə SSRİ miqyasında xüsusi çəkisi olan təhsil ocaqlarından biri kimi mühüm rol oynayıb.
Rektor vurğulayıb ki, ötən əsrin müxtəlif mərhələlərində yenidən təşkil olunan fakültə və şöbələr bugünkü AzMİU-nun təməlini formalaşdırıb. Struktur islahatları, ixtisaslaşma prosesləri, beynəlxalq tərəfdaşlıqların qurulması, professor-müəllim heyətinin elmi potensialının gücləndirilməsi universiteti regionun aparıcı memarlıq və inşaat məktəblərindən birinə çevirib.
Konfransda AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Əminağa Sadıqov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri professor Elbay Qasımzadə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov ölkəmizdə memarlıq təhsili sahəsində son illərdə əldə olunan mühüm nailiyyətlərdən danışıblar.
Çıxışlarda AzMİU-nun memarlıq təhsilinin formalaşmasında və inkişafında oynadığı aparıcı rol xüsusi qeyd olunub. Ali təhsil ocağının son illərdə qazandığı uğurlar, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi, tələbələrin yaradıcılıq və praktiki fəaliyyət imkanlarının artırılması, eləcə də innovativ layihələrin reallaşdırılması sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.
Sonda vurğulanıb ki, Azərbaycanın memarlıq məktəbi qədim ənənələr üzərində qurulsa da, bu gün müasir yanaşmalar, yenilənən infrastruktur və peşəkar kadr potensialı ilə regionda nümunəvi model kimi çıxış edir. Bu istiqamətdə AzMİU-nun fəaliyyəti ölkədə memarlıq təhsilinin davamlı inkişafının əsasında dayanır.
Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova “Azərbaycanda memarlıq təhsilinin konseptual transformasiyası: dəyərlər, çağırışlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, sürətlə dəyişən urbanistika mühiti, ekoloji davamlılıq məsələləri, rəqəmsal texnologiyaların memarlıq praktikasına inteqrasiyası və beynəlxalq standartlarla uyğun tədris modellərinin tətbiqi memarlıq təhsilinin modernizasiyasını zəruri edir. AzMİU bu istiqamətdə mühüm addımlar atır: yeni tədris proqramları hazırlanır, qabaqcıl beynəlxalq universitetlərlə ikili diplom layihələri genişləndirilir, tələbələrin rəqəmsal dizayn və layihələndirmə bacarıqlarını artıran müasir laboratoriyalar yaradılır.
Konfrans çərçivəsində panel müzakirələr və tematik sessiyalar keçirilib.






















