Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, pedaqoq, mətnşünas, Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin (1965-2020) 60 illik yubileyinə həsr olunmuş “Ədəbiyyata könül vermiş əbədi adam” adlı anım tədbiri keçirilib.
Bu barədə NDU-dan məlumat verilib.
Tədbirdən öncə professor Hüseyn Həşimlinin xatirəsi ehtiramla yad olunub, məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulub.
NDU-nun rektoru Elbrus İsayev çıxışında Hüseyn Həşimlinin universitetdə 30 ildən artıq davam edən elmi-pedaqoji fəaliyyətindən danışıb. Qeyd edib ki, mərhum alim NDU-nun elmi mühitinin formalaşmasında, gənc kadrların yetişdirilməsində və universitetin akademik nüfuzunun möhkəmləndirilməsində böyük xidmətlər göstərib.
Rektor vurğulayıb ki, zəngin elmi irsi, yüksək müəllimlik keyfiyyətləri, prinsipial mövqeyi və elmə bağlılığı ilə seçilən alim həm də ictimai-siyasi xadim kimi dövlətə və cəmiyyətə ləyaqətlə xidmət edib. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bir neçə çağırış üzrə deputatı kimi fəaliyyəti elm adamlarına göstərilən yüksək ehtiramın təcəssümü olaraq qiymətləndirilib. Hüseyn Həşimlinin “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına, "Ümummilli Lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar Xatirə qızıl medalı"na layiq görülməsi onun xidmətlərinin dövlət səviyyəsində tanınmasının bariz nümunəsidir.
AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev alimlə bağlı xatirələrini bölüşərək bildirib ki, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan Hüseyn Həşimli akademiyada uzun illər elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərib, gənc alimlərin yetişdirilməsinə əvəzsiz töhfələr verib.
Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov mərhum alimin elmi tədqiqat fəaliyyətindən bəhs edib. Bildirib ki, 30 kitabın, 350-dən artıq elmi məqalənin müəllifiolan Hüseyn Həşimli Azərbaycan ədəbiyyatşünaslığında özünü dəst-xəttini yaradıb. Alimin çoxsaylı əsərləri xarici elmi jurnallarda dərc olunaraq ölkəmizin elminə beynəlxalq müstəvidə də nüfuz qazandırıb.
Digər çıxışçılar – NDU-nun Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti İman Cəfərov, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımov, NDU-nun müəllimi və Hüseyn Həşimlinin tələbəsi Gülay Tahirli görkəmli alimin elmi məktəb yaratmasını, tələbələrinə verdiyi dəyəri, həmkarlarına sədaqətini və digər yüksək insani keyfiyyətlərini xüsusi vurğulayıblar. Qeyd edilib ki, professorun yaratdığı elmi irs bu gün də tədqiqatçıların istinad etdiyi dəyərli mənbələrdəndir.
Mərhum alimin ailə üzvləri Hüseyn Həşimlinin xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda “Hüseyn Həşimli ömrü xatirələrdə” adlı videoçarx nümayiş etdirilib, birgə foto çəkdirilib.
























