10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, materialda əlamətdar gün haqqında məlumat, ölkəmizdə bu istiqamətdə qəbul olunmuş rəsmi sənədlərin mətni təqdim edilir.

Virtual sərgidə “İnsan hüquqları ümumi bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası”, “Beynəlxalq insan hüquqları hüququnun implementasiyası və tətbiqi sistemləri: orqanlar və mexanizmlər”, “BMT-nin biznes və insan hüquqları üzrə rəhbər prinsiplərinə ümumi baxış”, “Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri”, “Avropa insan hüquqları məhkəməsi” kimi 15-dən çox kitabın və “Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir”, “Beynəlxalq ictimaiyyətə nümunə ola biləcək humanizm prinsipləri”, “Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı davamlı prosesdir” kimi məqalələrin tam mətni yer alıb.

Virtual sərgi kitabxananın saytında yerləşdirilib.

Qeyd edək ki, İnsan Hüquqları Gününün (Human Rights Day) tarixi 1948-ci il dekabrın 10-da BMT-nin Baş Assambleyasında “İnsan hüquqları haqqında Bəyannamə”nin qəbulu ilə bağlıdır. Bu, insan hüquq və azadlıqları sahəsində beynəlxalq səviyyəli ilk fundamental sənəddir.