Dekabrın 10-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumun keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür. Forumun belə bir gündə keçirilməsi müəyyən mənada simvolik xarakter daşıyır.

"Mədəniyyət və hüquq arasında mövcud olan konseptual əlaqə təsəvvür ediləndən və görünəndən daha dərin və sıxdır. Geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyətdaxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır. Pozitiv mənada isə hüquq individual azadlıqları, davranışları və ictimai münasibətləri formalaşdırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur", – deyə Adil Kərimli qeyd edib.

Nazir diqqətə çatdırıb ki, məqsədlərin uğurla həyata keçirilməsi üçün mövcud qanunvericilik bazasının təkminləşdirilməsi və yeni qanunvericilik aktlarının qəbul edilməsi, yeni idarəetmə forma və strukturlar, müasir sosial-iqtisadi yanaşmalar və ahəngdar fəaliyyətin təmin edilməsi zəruridir.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında mədəniyyət və hüquq sahəsindəki qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb. O, forumun Beynəlxalq İnsan Hüquqları Günündə keçirilməsini simvolik bir mesaj kimi dəyərləndirib, insan hüquqlarının qorunması və mədəni dəyərlərin saxlanmasının bir-birini dəstəkləyən prinsiplər olduğunu bildirib.

Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov çıxışında tarixdən gələn mədəni dəyərlərin qorunmasının və hüquqi əsaslarla inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, mədəniyyətin yalnız sənət və estetik dəyərlərlə məhdudlaşmadığını, eyni zamanda, cəmiyyətin hüquqi mədəniyyətinin formalaşmasında da rol oynadığını bildirib. Rafael Hüseynov həmçinin multikultural dəyərlərin və milli kimliyin qorunmasının gələcək nəsillər üçün strateji əhəmiyyətini qeyd edib.

Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov forumun müasir cəmiyyətin inkişafı və hüquqi-mədəni tarazlığın qorunması baxımından əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb. O bildirib ki, belə tədbirlər hüquq və mədəniyyət sahəsində fikir mübadiləsi aparmaq və təcrübə paylaşmaq üçün əlverişli imkan yaradır.

***

Forum işini panel sessiyalarla davam etdirib.