Xəbər verdiyimiz kimi, dekabrın 8-də 95 yaşı tamam olan bəstəkar, Xalq artisti, professor, “Şöhrət”, “Şərəf” ordenli Tofiq Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə daha bir dövlət təltifinə – 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Azərbaycan Bəstəkarlar İttifaqı bu münasibətlə Tofiq Bakıxanovu təbrik edib və musiqi mədəniyyətimizin görkəmli nümayəndəsinə göstərdiyi yüksək diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Bəstəkarlar İttifaqının yaydığı məlumatda deyilir:

“Hörmətli bəstəkarımız, Xalq artisti, “Şöhrət”, “Şərəf” ordenli, professor, “Humay” mükafatı laureatı, A.Bakıxanov adına mükafatın laureatı Tofiq Bakıxanov Azərbaycan  elminin, mədəniyyətinin, tarixinin inkişafında müstəsna xidmətləri olan Bakıxanovlar nəslinin görkəmli nümayəndələrindən biridir. O, musiqinin müxtəlif janrlarında çox dəyərli əsərlər yaradıb və yaşının bu müdrik çağında da yaradıcılıq fəaliyyətini davam etdirir.

Tofiq Bakıxanovun Azərbaycan Bəstəkarlar İttifaqı ilə də sıx əməkdaşlığı onun öz peşəsinə olan böyük sevgisinin ifadəsidir. Tofiq müəllim yalnız öz yaradıcılığına deyil, həm dünyasını dəyişən, həm də bu gün fəaliyyətdə olan bəstəkarların yaradıcılığına da xüsusi ehtiram və hörmət göstərir. Müdrik sənətkarın tövsiyələri də bəstəkar və musiqişünaslar üçün dəyərli bir mənbədir. Bütün musiqi ictimaiyyəti Tofiq müəllimi sevir və ona böyük hörmət bəsləyir. Bu müdrik sənətkarımıza dövlətimizin də böyük qayğı və diqqəti var. 8 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tofiq Bakıxanovu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif etməsi sənətkara göstərilən yüksək dövlət qayğısının ifadəsidir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü,  Xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla ittifaqın bütün üzvləri adından hörmətli Tofiq müəllimi 95 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir və möhtərəm Prezidentimiz cənab İlham Əliyevə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Tofiq Bakıxanovun sənətinə verdiyi yüksək qiymətə görə öz dərin minnətdarlığımızı bildiririk”.