Xəbər verdiyimiz kimi, Qətərin paytaxtında 6-7 dekabr tarixlərində keçirilən “Doha Forumu 2025”də dünya siyasətinin gündəmindəki bir çox məsələlər müzakirə mövzusu olub.
162 ölkədən nümayəndələrin – dövlət və hökumət başçıları, nazirlər, digər yüksək vəzifəli rəsmilər, eləcə də siyasətçi və ekspertlərin qatıldığı beynəlxalq tədbirdə Cənubi Qafqaza da diqqət ayrılıb. Forum çərçivəsində “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsi keçirilib.
Paneldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış ediblər.
Hikmət Hacıyev bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın görüşündə imzalanan Birgə bəyannaməni Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi kimi dəyərləndirib.
“Azərbaycan və Ermənistan son beş ildə sülh gündəliyi üzərində çalışırdı. Mən də erməni həmkarımla çoxsaylı görüşlərdə iştirak etmişəm. Bəzən müzakirələr çətin idi, razılaşmadığımız məqamlar olurdu. Amma Azərbaycan təşəbbüs göstərdi və masa üzərinə real sülh sazişi mətni və sülhün beş əsas prinsipini qoydu. Prezident Trampın və onun komandasının prosesə daxil olması ilə biz anladıq ki, ABŞ beynəlxalq sülh gündəminə tam sadiqdir. Biz də sülhün geri dönməz olması üçün ABŞ-ın güclü siyasi çəkisinə və təminatına ehtiyac duyurduq. Fevraldan (2025 – red.) başlayaraq ABŞ-la intensiv təmaslara başladıq. ABŞ həm Ermənistan, həm Azərbaycanla paralel işləməyə başladı. Sonra bütün proseslər birləşdi və nəticə verdi. Vaşinqtondan əvvəl Əbu-Dabi görüşü oldu, bu, beş saatdan çox davam etdi. Biz orada Vaşinqton prosesinin əsas çərçivələrini razılaşdırdıq. Prezident Trampın fundamental rolu Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu", – deyə o paneldə çıxışı zamanı bildirib.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək.
Cənubi Qafqazda son 30 il ərzində münaqişə və müharibənin hökm sürdüyünü söyləyən Hikmət Hacıyev, nəhayət, buna son qoyulduğunu qeyd edib: “Mən bunu tez-tez Cənubi Qafqaz üçün “Kemp-Devid sülh modeli” adlandırıram. Əlbəttə, hər bir münaqişə fərqlidir. Hər bir geosiyasi kontekst də fərqlidir. Amma əminəm ki, bu sazişin təsiri də oxşar olacaq”.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, bundan sonrakı mərhələdə iki ölkə xalqlarını sülhə hazırlamaq lazımdır. Onun sözlərinə görə, sülh rifah yaratmalı, inkişaf təmin etməli, Cənubi Qafqazın bütün geosiyasi mənzərəsini dəyişməlidir. Azərbaycan sülhü əbədi, davamlı və geri dönməz etmək istəyir: “Bunun üçün çox çalışmalıyıq. Bilirik ki, bəzən sülhü pozmaq istəyən qüvvələr ola bilər. Biz elə regional təhlükəsizlik arxitekturası qurmalıyıq ki, sülhə qarşı bütün mənfi meyllərə tab gətirsin. Bunun üçün əvvəlcə hökumətlər arasında etimad lazımdır. Məmnuniyyətlə deyə bilərəm ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri formalaşır. Bu, mühüm təməldir. Amma daha önəmlisi xalqlar arasında etimaddır. Biz xalqlarımızı sülhə hazırlamalıyıq. Azərbaycanın mesajı həmişə belə olub ki, biz sülh sazişini yalnız Ermənistan hökuməti ilə imzalamaq istəmirik, həm də Ermənistan xalqı ilə imzalamaq istəyirik ki, gələcək nəsillər də bunun faydasını görsün. Biz etimad quruculuğu tədbirləri üzərində işləyirik. Bilirik ki, bu çətindir. Cəmiyyətimizdə yaralar hələ təzədir, 30 illik münaqişə, son beş ildə eskalasiyalar və real müharibə vəziyyəti yaşanıb. Amma ən əsası budur ki, Azərbaycan regional liderlik və məsuliyyəti üzərinə götürüb".
***
Qeyd edək ki, Hikmət Hacıyev Doha Forumu zamanı bir sıra görüşlər də keçirib.
Azərbaycan Prezidentinin köməkçisinin Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri, Məhəmməd bin Əhməd əl-Misnəd ilə görüşündə ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq inkişaf məsələləri müzakirə olunub.
Bu barədə o, "X" hesabında paylaşım edib.





















