Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə dekabrın 5-dən 11-dək paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək.
Dekabrın 5-də Beynəlxalq Muğam Mərkəzində mötəbər tədbirlə bağlı mətbuat konfransı təşkil olunub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova festivalın yalnız mədəniyyət bayramı olmadığını, eyni zamanda yaradıcı sənayelərin inkişafı, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma olduğunu bildirib. Qeyd edib ki, festival ölkəmizin multikultural dəyərlərini, mədəni müxtəlifliyi və tolerantlıq ənənələrini dünyaya təqdim edən əhəmiyyətli nümunədir.
“Festivalda 5 minə yaxın ziyarətçinin iştirakı gözlənilir. Bu, tədbirin geniş ictimai maraq doğurduğunu, həmçinin Azərbaycanın yaradıcı sənayelər üzrə regional mərkəzə çevrilmək potensialını nümayiş etdirir”, – deyə Səadət Yusifova vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının Humanitar, Mədəni, Sosial və Ailə İşləri baş katibinin köməkçisi Tariq Ali Bakheet çıxışında Azərbaycan Respublikasının həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, Azərbaycan bütün İƏT üzv dövlətləri tərəfindən böyük rəğbətlə qarşılanan təşəbbüslərə daim fəal şəkildə qoşulur.
“Bu festival mədəni əməkdaşlığı təşviq etmək, mədəni əlaqələri möhkəmləndirmək və yaradıcı təşəbbüsləri dəstəkləmək üçün mühüm platformadır. Biz müxtəlif ölkələrdən alimləri, musiqiçiləri, sənətkarları və yaradıcı sahə nümayəndələrini bir araya gətirərək onların ənənələrini, irslərini və təcrübələrini paylaşmaları üçün zəngin mühit yaradırıq”, – deyə Tariq Ali Bakheet bildirib.
İƏT Baş Katibliyində Mədəniyyət İdarəsinin direktoru Əlhüseyn Qəzvi festivalın mədəni müxtəlifliyimizin, ortaq irsimizin zənginliyinin və İslam dünyasında həmrəyliyin təntənəsi olduğunu vurğulayıb.
“Bu gün burada İƏT-ə üzv dövlətlərin geniş iştirakını, həmçinin İƏT-in qurumlarını və müsəlman dünyasının müxtəlif yerlərindən yaradıcı sənaye nümayəndələrini bir araya gətiririk. Bu geniş təmsilçilik mədəni diplomatiyanın əhəmiyyətini və ortaq dəyərlərimizin gücünü bir daha sübut edir”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, festival vasitəsilə İƏT-in missiyasına – xalqlarımızı yaxınlaşdırmaq, qarşılıqlı hörmət, ortaq inkişaf və davamlı tərəqqi kimi dəyərləri irəli aparmaq üçün real məzmun və forma verilir. Bu dəyərlər İƏT nizamnaməsinin əsasını təşkil edir.
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov bildirib ki, əsas tədbir Mədəni Yaradıcı Sənayelərin Təşkili Forumu çərçivəsində kino sərgisi, həmçinin İƏT-ə daxil olan ölkələrin “Yaradıcı kənd” sərgisi təşkil olunacaq. O qeyd edib ki, tədbir böyük maraq doğurub və artıq digər ölkələrdən də Bakıya ziyarətçilər gəlir.
R.Əzizov bildirib ki, bir həftə ərzində çox zəngin proqram planlaşdırılır: kino festivalı çərçivəsində bir sıra ölkələrin kino nümayişləri keçiriləcək, Nizami Kino Mərkəzi ənənəvi olaraq əsas məkan olacaq, tədbirin baş məkanı isə Bakı Konqres Mərkəzidir. Həftə ərzində müxtəlif kinoteatrlarda müvafiq tədbirlər həyata keçiriləcək və yeni növ tədbirlərin təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi festival ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirəcək. Tədbir təqribən 50 ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertlərini bir araya gətirəcək. Bu isə İƏT ailəsinin birliyini və ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və Yaradıcı Sənayelər Forumu” (MYFORUM), “Creative Village: Mədəni və Yaradıcı Sənayelər Sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələrini əhatə edən müxtəlif mədəni layihələr həyata keçiriləcək.





















