Prezident İlham Əliyevin həyata keçirdiyi milli mədəniyyət siyasətinin mərkəzində mədəni dəyərlərimizin qorunması, təbliği və gənc nəslə aşılanması dayanır. Azərbaycan həm maddi, həm də qeyri-maddi mədəni irs baxımından olduqca zəngin bir ölkədir və bu, təkcə sözlə deyil, beynəlxalq təşkilatların rəsmi siyahılarında da öz əksini tapır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu sözləri dekabrın 2-də “Həmkarlarla 120 il” yubiley tədbirində çıxışı zamanı söyləyib.

Nazir müavini diqqətə çatdırıb ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında Azərbaycan dünya ölkələri arasında üst sıralarda yer alıb. Bu, ölkəmizin ərazi və əhali baxımından kiçik olmasına baxmayaraq, mədəniyyət sahəsində dünyada bir çox ölkələri geridə qoyduğunu göstərir.

Qeyd edək ki, 2024-cü ilin sonuna olan məlumata görə, UNESCO siyahılarında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı elementlərin sayı 24-ə çatıb. Onlardan 22-i Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında (Representative List of the Intangible Cultural Heritage of Humanity), 2-si isə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında (List of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding) yer alıb. Ölkəmiz qeyri-maddi mədəni üzrə UNESCO reyestrində Çin Xalq Respublikası (44 element), Türkiyə (30), Fransa (29), İran (26) və İspaniyadan (25) sonra altıncı sıradadır.

Nazir müavini Fərid Cəfərov çıxışı zamanı onu da vurğulayıb ki, milli mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri isə Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın yenidən bərpasıdır. Artıq dörd ildir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu həmin ərazilərdə tarixi tədbirləri yenidən canlandırır, ümumilikdə ölkə miqyasında mədəniyyətin qorunması və təbliği istiqamətində geniş layihələr həyata keçirir.