Xəbər verdiyimiz kimi, Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyəti Festivalında Azərbaycan da təmsil olunur.
“Pakistan İncəsənət Şurası”nın (“Art Council Pakistan”) təşkilatçılığı ilə reallaşan festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da iştirak edir.
Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanovanın bildirdiyinə görə, dekabrın 7-dək davam edəcək beynəlxalq tədbirdə teatrın yaradıcı heyəti tərəfindən Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanan “Anamın kitabı” tamaşası təqdim olunacaq.
Tamaşa Prezident mükafatçısı İradə Gözəlovanın quruluşunda hazırlanıb. Quruluşçu rəssam Vüsal Rəhim, döyüş səhnələri və rəqslərin quruluşçusu Xalq artisti Pərviz Məmmədrzayev, rejissor isə Zaur Əliyevdir. Əsər teatrın istedadlı aktyorları – Səmədzadə Xasiyev, Hüseyn Əlili, Zaur Əliyev, Nəzrin İsmayılzadə, Adelin Öztürk, Nərmin Əliyeva, Əli Kərimov, İranə Kərimova, Sübhan Rüstəmov və Murad Əliyev tərəfindən ingilis dilində oynanılır.
Səfər müddətində Akademik Musiqili Teatrının heyəti beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirməyi planlaşdırır.
Qeyd edək ki, Kəraçi şəhərində ikinci dəfə təşkil olunan festivalda ümumilikdə 100-dən çox ölkə təmsil olunur.





















