Ədəbiyyatşünas-alim və diplomat, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi haqqında kitabı işıq üzü görüb. "Libraff"ın "Park Akademiya" filialında müəllifin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı və imza mərasimi keçirilib.
Tədbirin giriş sözünü Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid söyləyib. O, Prezident İlham Əliyevin bu il milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı imzaladığı sərəncamı xatırladaraq, professor Vilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının bu yubileyə layiqli töhfə olduğunu bildirib. Vilayət Quliyevin uzun illərdir tariximizin qaranlıq səhifələri ilə bağlı ən müxtəlif mövzuları yorulmadan, davamlı şəkildə araşdırdığını qeyd edən Rəşad Məcid bu tədqiqatların istər elmi, istərsə də ictimai mühit və geniş oxucu auditoriyası tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Tədbirdə dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Xalq yazıçısı Elmira Axundova, Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbacan Dillər Universitetinin prorektoru professor Həmidə Əliyeva, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli və digər çıxışçılar Həsən bəy Zərdabinin Azərbaycanın ictima-mədəni və maarifçilik tarixində xidmətlərindən danışıb, xidmətləri əhatəli elmi araşdırmaya cəlb etmiş Vilayət Quliyevin tədqiqatının aktuallığından söz açıblar.
Sonra Vilayət Quliyev çıxış edərək əsəri nəfis şəkildə çap etdiklərinə görə "Teass PRESS" nəşriyyatına, təqdimat mərasiminin təşkilində xüsusi əməyi olan Azərbaycan Mətbuat Şurasına, tədbir iştirakçılarına minnətdarlığını bildirib. Kitab üzərindəki işindən danışan müəllif XX əsrin əvvəllərindəki mətbuat fədailərimizin, xüsusən də Zərdabi şəxsiyyəti və irsinin öyrənilməsi, yaşadılması, gələcəyə ötürülməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda müəllif "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabını oxucular üçün imzalayıb.























