Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Funksional analiz və tətbiqləri elmi-tədqiqat laboratoriyası və Ali riyaziyyat kafedrasının birgə təşkilatçılığı ilə ABŞ-nin Dakota Universitetinin professoru Azər Əhmədovun “Hölder teoreminin davamı” mövzusunda elmi seminarı keçirilib.
AzMİU-dan bildirilib ki, seminarda elm və innovasiya məsələləri üzrə prorektor Nigar Aslanova çıxış edərək beynəlxalq elmi şəbəkəyə (IRN) qoşulmağın Azərbaycan universitetlərinin qarşısında dayanan prioritetlərdən biri olduğunu bildirib. O diqqətə çatdırıb ki, elmi fəaliyyətin dəstəklənməsi üçün universitet tərəfindən kompleks addımlar atılır: “Beynəlxalq səviyyəli elmi konfransların, seminarların keçirilməsi də bu tədbirlər planının bir hissəsidir. Son iki ay ərzində AzMİU-da Avstriyanın Qrats Texnologiya Universitetinin Riyaziyyat, fizika və geodeziya fakültəsinin dekanı, funksional analiz sahəsində tanınmış alim professor Jussi Behrndt, Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru Holm Altenbaxın birhəftəlik elmi seminar və dərs keçmələri buna sübutdur. Hər iki seminarda digər universitetlərin nümayəndələri də iştirak edib, tanınmış alimlərin təcrübələrindən bəhrələniblər”.
Seminar zamanı Azər Əhmədov ali riyaziyyatın aktual problemlərindən olan qruplar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, cəbr və topologiya mövzularında danışıb.
Elmi seminarda iştirak edən professor-müəllim heyəti onları maraqlandıran mövzularda fikir yürüdüb, qonaqla ətraflı müzakirə aparıblar.
Qeyd edək ki, Azər Əhmədov 1974-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızıl medalla, 1996-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 13 yaşından aktiv riyaziyyatla məşğuldur. Orta məktəbin son 3 ili ərzində Moskva Dövlət Universitetinin nəzdindəki Ümumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib.
SSRİ səviyyəli bir neçə riyaziyyat müsabiqəsinin qalibi olub. 1996-cı ildə İtaliyada Beynəlxalq Ali Təhqiqatlar İnstitutunun Funksional analiz şöbəsinə imtahan verib, qrant alıb və 2 ilə yaxın (1998-ci ilin aprelinə qədər) orada tədqiqatçı işləyib.1998-ci ildə Amerikada Yel Universitetinin doktoranturasına qəbul olunub və həmin universitetdə riyaziyyat doktoru dərəcəsi alıb. Dissertasiyasında 20 il açıq qalmış problemi həll edib.
Riyaziyyatda qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, üçölçülü topologiya, erqodik nəzəriyyənin bir çox problemləri ilə məşğul olur, məqalələri riyaziyyat jurnallarında çap edilir.






















