Şirvan şəhər Uşaq musiqi məktəbində Azərbaycanın görkəmli bəstəkarı Vasif Adıgözəlovun 90 illiyinə həsr olunan “Sənətə həsr edilmiş ömür” adlı yaradıcılıq gecəsi keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət idarəsindən verilən məlumata görə, mədəniyyət işçiləri, müəllimlər və şagirdlərin iştirak etdiyi tədbirdə bəstəkarın milli musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışılıb.
Bildirilib ki, Xalq artisti, pedaqoq, professor Vasif Adıgözəlov Azərbaycan musiqi xəzinəsində dərin emosional ruhu, milli musiqi ənənələrini müasir düşüncə ilə birləşdirən yaradıcılığı ilə xüsusi bir iz qoyub. Onun əsərlərindəki melodik zənginlik və sənətkar həssaslığı bu gün də musiqisevərlərin qəlbinə yol tapmaqdadır.
Bəstəkarın ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Məktəbin müəllim və şagirdləri tərəfindən sənətkarın seçilmiş əsərləri ifa olunub.
***
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində isə Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Üzeyir nəfəsi – 140 illik səda” adlı seminar təşkil olunub.
Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, Hacıqabul Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarda bəstəkarın həyat və yaradıcılığı, milli opera məktəbinin inkişafı və dünya musiqisinə təsiri barədə söhbət açılıb, Üzeyir Hacıbəyli irsinin zənginliyi diqqətə çatdırılıb.
Bəstəkarın “Koroğlu” operasından parçalar, Hacıqabul şəhər Uşaq musiqi məktəbinin müəllimi Fuad Nəzərovun “Yaxşı yol” əsəri səslənib.























