Salyan Tarix-Diyarşünaslıq Muzeyində 26 noyabr – Azərbaycan kəlağayısı günü münasibətilə tədbir keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, “Qədim zəriflik: kəlağayı” adlı tədbir Azərbaycan xalqının qədim və zərif milli irs nümunələrindən olan kəlağayı sənətinin təbliği və zəngin ipəkçilik ənənələrimizin cəmiyyətə daha dolğun şəkildə çatdırılması məqsədilə təşkil edilib.
Çıxışlarda qeyd edilib ki, kəlağayı yüzilliklər boyu Azərbaycan qadınının zövq, səliqə və mənəvi saflıq rəmzi kimi formalaşıb və bu gün milli kimliyimizin mühüm simvollarından biri kimi öz əhəmiyyətini qoruyub saxlayır.
İştirakçılara kəlağayının yaranma tarixi, ipək istehsalı ənənələri və naxışların mənası haqqında məlumat verilib.
Tədbir çərçivəsində muzeydə təşkil olunan sərgidə isə müxtəlif dövrlərə aid kəlağayı nümunələri nümayiş olunub.
Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri Balaş Zamanov və Rəşad Vəlizadənin ifasında mahnılar səslənib.
Qeyd edək ki, 2014-cü ilin 26 noyabrında Azərbaycan kəlağayı sənəti UNESCO-da "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilib.
Bu əlamətdar gün münasibətilə Salyan Tarix-Diyarşünaslıq Muzeyində açılan sərgi noyabrın 30-dək davam edəcək.






















