Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabe müəssisələri – Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı, Gəncə Uşaq incəsənət məktəbinin dəstəyi ilə "Ulu öndərə həsr olunan misralar" adlı şeir müsabiqəsi keçirilib.
Müsabiqə Ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliği məqsədi ilə təşkil olunub.
Tədbirdə çıxış edənlər şagirdlərin vətənpərvərlik ruhunun və Heydər Əliyev irsinə bağlılığının gücləndirilməsində belə tədbirlərin mühüm rolunu vurğulayıblar.
Müsabiqədə Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli, Molla Pənah Vaqif adına 8 nömrəli, Mirzə Abbas Abbaszadə adına 20 nömrəli, Nəriman Nərimanov adına 25 nömrəli, Vüqar Veysəlov adına 30 nömrəli və 37 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.
Tədbir zamanı MKS-nin 16 nömrəli kitabxana filialının "Ulu öndər Heydər Əliyev misralarda" mövzusunda kitab sərgisi də nümayiş olunub. Gəncə Uşaq incəsənət məktəbinin “Gəncə qöncələri” ansamblı (rəhbər Məsud Kərimov), “Zəfər” ansamblı (rəhbər Famil Kərimov) və gənc ifaçılar Necəti Abışov, Kazım Nəsibov və Məhəmməd Əliyev musiqi nömrələri ilə çıxış ediblər.
Sonda münsiflər heyəti tərəfindən qalib seçilən şagirdlərə hədiyyələr və diplomlar təqdim olunub.
























