Azərbaycanı və onun tarixini, mədəniyyətini, mənəvi dəyərlərini dünyada tanıdan “İRS" beynəlxalq jurnalının rus dilində növbəti nömrəsi nəşr olunub.
“İRS – Naslediye”nin yeni buraxılışı baş redaktor Musa Mərcanlının “Daşlar toplanacaqmı?” adlı yazısı ilə başlanır. Müəllif qeyd edir ki, Azərbaycanın və Cənubi Qafqazın tarixində son üç onillik Qarabağ problemi kimi tanınan münaqişə ilə yadda qalıb və bu münaqişə faktiki olaraq Ermənistanın qondarma “miatsum” adı altında Azərbaycana hərbi təcavüzü olub.
Məqalədə Azərbaycanın ərazi bütövlüyünün bərpasının başa çatdığı və 2025-ci ildə cərəyan edən hadisələrin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanmasına ümid üçün real əsaslar yaratdığı vurğulanır. Müəllifin fikrincə, “daşları toplamaq vaxtıdır” – tərəflərin illər ərzində bir-birinə atdığı düşmənçilik daşlarını toplamağın və iki xalq arasında normal münasibətlərə qayıtmağın vaxtı gəlib çatıb.
Məqalədə regionda gərginliyin formalaşmasının tarixi konteksti nəzərdən keçirilir. Qeyd edilir ki, 200 il əvvəl İrəvan xanlığının ərazisi də daxil olmaqla Cənubi Qafqaz əhalisinin böyük əksəriyyətini müsəlman azərbaycanlılar təşkil edirdi. Lakin sonradan qonşu ölkələrdən olan ermənilərin kütləvi şəkildə köçürülməsi, çox vaxt yerli əhalidən müsadirə edilən torpaqlarda məskunlaşdırılması gələcək millətlərarası münaqişələrin əsasını qoydu.
Nəşrin bu nömrəsində də ənənəvi rubrikalar üzrə Azərbaycan tarixinin, mədəniyyətinin, mənəvi irsinin müxtəlif aspektlərindən bəhs edən və fotoillüstrasiyalarla müşayiət olunan maraqlı məqalələr, o cümlədən Xalq yazıçısı Mirzə İbrahimovun, Xalq rəssamı Xalidə Səfərovanın yaradıcılığını rusdilli oxuculara tanıdan yazılar yer alıb.

























