“Milli-mənəvi dəyərlərimizi yaşatmaq üçün muzeylərin rolu əvəzsizdir”
Heydər Əliyev
Hər il mayın 18-i dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd olunur 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası tərəfindən təsis edilən bu günün əsas məqsədi muzeylərin cəmiyyət həyatındakı mühüm rolunu, tarixi və mədəni irsin qorunmasının vacibliyini insanlara çatdırmaqdır.
Elmi-texniki tərəqqi və hərtərəfli yeniləşmələrlə zəngin olan informasiya əsrimizdə muzey fəaliyyətinin canlanması, daha interaktiv olması cəmiyyətimiz üçün olduqca vacibdir. Çünki hər bir xalqın mədəniyyətinin inkişafında, tanınmasında, daha dəqiq desək, hər bir xalqın tarixinin təbliğində muzeylərin rolu çox böyükdür. Ölkəyə gələn xarici qonaqlar sənət məbədlərimizlə daha yaxından tanış olmaq üçün ilk növbədə muzeylərə baş çəkirlər.
Muzey ədəbiyyat tarixi, maddi və mədəniyyət abidələrini kompektləşdirən, saxlayan, öyrənən və nümayiş etdirən elmi-maarif müəssisələridir. Onlar elmi-maarifçi, tədqiqat və tədris tipli olur və profillərinə (tarix, ədəbiyyat, incəsənət, texnika) görə bir-birindən fərqlənirlər.
Muzeylər eyni zamanda təhsil mənbəyi olduğu üçün cəmiyyətin marağına xidmət etməlidir, ictimaiyyət üçün açıq olmalıdır. Geniş və çoxşaxəli fəaliyyətə malik olan muzeylər elmi fəaliyyətində dövlət təhsil müəssisələri ilə, elmi-tədqiqat institutları ilə sıx əlaqədə olmalıdır.
Hər bir xalq öz tarixinin qədim və zənginliyinə arxalanmalıdır. Bu zənginliyi sübuta yetirən isə abidələr və muzeydə qorunub saxlanılan eksponatlardır. Muzey ekspozisiyalarının daha zəngin və maraqlı olması üçün orijinal materiallara, əyani dəlillərə daha çox müraciət etmək lazımdır.
Məsələn, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Şuşa şəhərində 1959-cu ildə açılmış ev-muzeyinin maketi Üzeyir bəyin Bakıdakı ev muzeyində qorunub saxlanılır. Bu maket muzeyə gələnlərin böyük marağına səbəb olur. Maketdə ağaclıqlarla əhatə olunmuş səliqəli həyətdə kiçik su quyusu, 4 otaqlı ev adamı heyran edir. Evin işıqlarını yandırdıqda adama elə gəlir ki, sanki kiçik Üzeyir bu dəqiqə həmin evdən həyətə qaçacaq. Bundan başqa, muzeydə həmçinin Qarabağın milli geyimləri, Qarabağda işlədilən məişət əşyaları da nümayiş etdirilir.
Hər bir muzey imkan daxilində müvafiq abidələrin tarixinə dair mövzuları müəyyənləşdirməli və bu mövzuda sərgilər təşkil etməlidir. Çünki sərgilər tariximizin təbliğində əsas yer tutur.
Milli geyimlərimizi, milli yeməklərimizi, xalq oyunlarımızı əcnəbilərə göstərmək üçün tez-tez açıq səma altında səyyar sərgilər təşkil edilməlidir. Bunun üçün isə müvafiq vaxt seçilməlidir: Novruz bayramı günləri, respublikamızda keçirilən beynəlxalq idman yarışları və ya mədəni-kütləvi tədbirlər zamanı. Belə olduqda respublikamıza gələn xarici qonaqlar elə bu sərgi vasitəsilə vətənimizin zəngin tarixi ilə tanış ola biləcəklər.
Muzeylərdə tez-tez müvafiq mövzularda mühazirələr, söhbətlər keçirilməlidir və bu mühazirələr texniki vasitələrlə müşayiət olunmalıdır, sənədli filmlərdən, video çəkilişlərdən istifadə edilməlidir. Bütün bunlar muzeyə gələn xarici qonaqlarda Azərbaycan tarixinə dair saxtalaşdırılmış fikirləri aradan qaldırmaq üçün böyük rol oynayır. Həm gələcək nəsillərə, həm də xarici qonaqlara tarixin daha düzgün, daha dolğun çatdırılması üçün mühazirələrin bir neçə dildə aparılması daha məqsədəuyğun olardı. Bir əyani vəsait kimi xalq oyunlarımızın, milli geyimlərimizin əsasında eskizlər, maketlər hazırlanaraq sərgilənərsə, bu, xarici qonaqlarda daha çox xoş təəssürat yaradacaq.
Musiqi və incəsənət profilli muzeylərimiz isə milli musiqimizin, yəni mədəniyyətimizin təbliğində böyük rol oynayırlar. Nadir not nümunələri, nadir lent yazılarının nümayişi xarici qonaqlarda maraq doğuran amillərdəndir. Bundan başqa, muzeylər internet səhifələrinə daxil olmaqla da öz eksponatlarını dünya arenalarına çıxara bilərlər. Nəzərə almaq lazımdır ki, əgər Azərbaycanda fəaliyyət göstərən hər bir muzeyin nəzdində milli atributlarımızı əks etdirən müxtəlif suvenirlərin, disklərin, nəşrlərin satış-sərgisi üçün yer ayrılarsa bu daha məqsədəuyğun olardı. Çünki hər bir xarici vətəndaş qonaq gəldiyi ölkənin milliliyini əks etdirən suvenirlərdən istifadə etməyi özünə borc bilir.
Bəli, keçmişimizi xatırladan, tariximizin müəyyən mərhələlərini özündə yaşadan muzey eksponatlarına baxanda qəlbimiz fərəh hissi ilə dolur. Ona görə də bu eksponatlar daim qayğı ilə qorunmalı, öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Çünki muzeylər sayəsində insanlar öz tarixini daha yaxından öyrənir, keçmiş nəsillərin həyat tərzi və mədəniyyəti ilə tanış olurlar. Tarixini bilməyən xalq öz gələcəyini düzgün qura bilməz. Bu baxımdan muzeylər cəmiyyətin yaddaşı hesab edilir və muzeylər yaşadıqca xalqın tarixi də yaşayacaq.
Təranə Həsənova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin elmi işçisi



















