Noyabrın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Müasir İpək Yolu üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir AzMİU, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və “Ingla International Education Training Center” tərəfindən təşkil olunub.

Açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlı və Kokand Universitetinin (Özbəkistan) elmi işlər üzrə prorektoru professor Zebohan Kobilova çıxış ediblər.

Konfransda müasir İpək Yolunun türk dövlətləri arasında sosial-mədəni inteqrasiya proseslərinin güclənməsində oynadığı rol, regional əməkdaşlığın genişləndirilməsi, elmi-humanitar əlaqələrin yeni mərhələyə keçidi və qarşıda duran strateji vəzifələr vurğulanıb.

Plenar iclasda bir sıra aktual mövzular üzrə elmi məruzələr təqdim olunub.

Türkiyənin Ərzincan Universitetindən professor Kərəm Karabulut “Türk dünyasında sosial-mədəni inteqrasiya: tarixi irsdən gələcəyə doğru”, Özbəkistanın Kokand Universitetinin professoru Maqsud Asadov “Müasir İpək Yolu boyunca: mənəvi yüksəliş və Xarəzm maarifçiliyi”,  Türkiyənin Başkent Universitetinin professoru İsmayıl Aydıngün “İpək Yolu boyunca türk dövlətlərinin sosiokultural inteqrasiya prosesləri”, Fəlsəfə və Sosiologiya İnstitutunun dosenti Faiq Ələkbərli isə “Türk fəlsəfə tarixi və müasirlik” mövzularında çıxış ediblər.

Plenar məruzələrdən sonra müzakirələr aparılıb və çıxışların elmi-nəzəri nəticələri üzrə bir sıra təkliflər səsləndirilib.

***

Konfrans bölmə iclasları ilə davam edib.

“Tarixi-mədəni irs və müasir interpretasiyalar” adlı bölməyə tarix elmləri doktoru Eynulla Mədətli, “Süni intellekt, rəqəmsallıq və fəlsəfə” mövzulu bölməyə fəlsəfə elmləri doktoru Füzuli Qurbanov moderatorluq edib.

Bölmə iclaslarında Türk dünyasının tarixi-mədəni sərvətlərinin müasir kontekstdə şərhi, rəqəmsallaşmanın mədəni inteqrasiyaya təsiri, süni intellekt və fəlsəfi baxışların sosial transformasiyadakı rolu kimi məsələlər geniş şəkildə müzakirə olunub.

Konfransın sonunda iştirakçılar türk dövlətləri arasında humanitar və elmi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq gələcək əməkdaşlıq istiqamətləri üzrə təkliflərlə çıxış ediblər.