Milli Kitabxanada “20 noyabr – Ağdam Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotoşəkillər, Vətən müharibəsi və şanlı Zəfəri, Ağdamda aparılan geniş quruculuq və yenidənqurma işlərini, yurd yerlərimizə Böyük Qayıdışı əks etdirən kitablar, məqalələr və digər materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Virtual sərgi ilə bu linkdə tanış olmaq mümkündür.
Ənənəvi sərgidə isə Ağdam şəhərinin tarixi, toponimləri, işğalı zamanı dağıdılmış və viran edilmiş tarixi əhəmiyyət daşıyan maddi-mədəniyyət abidələri, Vətən müharibəsi və şanlı Qələbə, Ağdam rayonunun bərpası və dövlətimizin başçısının həmin bölgəyə səfərləri, tarix yazan qəhrəmanlar haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.
***
Ağdam şəhərinin işğaldan azad edildiyi tarix – Ağdam Şəhəri Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Küllərindən dirçəldilən şəhərin bayramı” adlı məlumat bülleteni hazırlanıb.
Kitabxanadan bildirilib ki, materialda bir sıra rəsmi sənədlərin tam mətni təqdim edilir. Ağdam rayonunun qədim tarixi, gözəl təbiəti, tarixi memarlıq abidələri, müharibə dövründə maddi-mənəvi irsinin, təbii sərvətlərinin məhv edilməsi haqqında məlumat verilir. Məlumat bülletenində “Heydər Əliyevin Ağdamın dinamik inkişaf konsepsiyası”, “Vətənin cəsur döyüşçüləri”, “Əsrə bərabər 20 il”, “Xoş gördük, Qarabağ, salam qələbə!” kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və 2008-2025-ci illərdə dövri mətbuatda dərc edilən məqalələrin siyahısı yer alır.
20 noyabr – Ağdam Şəhəri Günü ilə əlaqədar hazırlanan məlumat bülleteni kitabxananın saytda yerləşdirilib.






















