Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyi hər il yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər keçirir.

Noyabrın 18-də muzeydə narkotiklərin cəmiyyət üçün təhlükəsi, “ağ ölüm”ün fəsadları haqqında fləşmob təşkil edilib.

Tədbirdə F.Rzayev adına 150 saylı orta məktəbin və 189-190 saylı orta məktəbin şagirdləri fəal iştirak ediblər. Onlar “Narkotik ölümə aparır!”, “Həyat narkotikdən gözəldir!”, “Təmiz beyin, təmiz həyat”, “Ailəni qoru”, “Pis vərdişlərə YOX!”, “Birlikdə mübarizə!” yazılı posterlər ilə fləşmoba qoşulublar.

Məktəblilərə narkotik vasitələrin sağlamlığa zərərləri, insanların və cəmiyyətin gələcəyi üçün ciddi təhlükə mənbəyi olması barədə məlumat verilib. Qeyd edilib ki, gənclərimizi məlumatlandırmaq, onlara sağlam həyat tərzini aşılamaq, təhlükələr haqqında açıq danışmaq cəmiyyət olaraq üzərimizə düşən ən vacib vəzifələrdəndir.

Narkomaniya yalnız bir şəxsin problemi yox, ailəni, cəmiyyəti və gələcək nəsilləri təhlükə altına alan ciddi sosial bəladır. Narkotik maddələr insan sağlamlığını sürətlə məhv edən, həyat planlarını dəyişdirən və geri dönüşü çətin olan asılılıqdır. Narkomaniya yalnız fiziki zərər yox, eyni zamanda psixoloji boşluq, sosial təcrid və ailə bağlarının qırılması kimi dərin problemlər yaradır.