Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin 50 illik yubileyi tamam olur
Bu gün respublikamızda fəaliyyət göstərən və görkəmli şəxsiyyətlərin xatirəsini, irsini yaşadan muzeylərin əksəriyyəti Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılıb. Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakıda ev-muzeyinin yaradılması barədə qərar hələ 1949-cu il fevralın 19-da qərar qəbul edilsə də, uzun illər bu istiqamətdə heç bir iş görülməmişdi. Üzeyir bəyin 90 illik yubileyi ərəfəsində respublikanın rəhbəri Heydər Əliyev bu məsələ ilə maraqlanmış, təcili tədbirlər görülməsi üçün göstəriş vermişdi. 1975-ci il noyabrın 20-də Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı oldu.
Üzeyir Hacıbəyli təkcə milli musiqi irsimizdə deyil, ümumilikdə dünya tarixində özünəməxsus iz qoymuş dahi bəstəkar, publisist, pedaqoq və ictimai xadimdir. Onun “Leyli və Məcnun” operası müsəlman Şərqində ilk opera kimi tarixə düşmüş, Azərbaycan musiqisinin peşəkar əsaslarının formalaşmasında dönüş nöqtəsinə çevrilmişdir.
Muzeyin yaradılması təkcə bir şəxsin həyatına həsr olunmamış, eyni zamanda Azərbaycan musiqi tariximin bütöv bir epoxasına işıq salmışdır. XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid memarlıq üslubunda binada Üzeyir Hacıbəylinin yaşadığı dövrün ab-havası qorunub saxlanılıb və qonaqlar həmin mühitə birbaşa daxil olur. Burada Üzeyir bəyin şəxsi əşyaları, ailə fotoları, qeydləri, əlyazmaları, pianinosu və iş masası kimi eksponatlar saxlanılır. İkimərtəbəli binada dörd əsas otaq, geniş dəhliz, bir sərgi zalı, video-prezentasiya guşəsi və inzibati hissə mövcuddur.
Muzeyin otaqları funksional olaraq bölünmüşdür – bəstəkarın iş otağı, yataq otağı, qonaq otağı və yaradıcılıq otağı kimi təqdim olunur. Otaqlarda istifadə olunan mebellər və interyer elementləri bəstəkarın yaşadığı dövrə uyğun bərpa edilmiş və real şəraitdə saxlanılmışdır. Otaqların birində bəstəkarın pianinosu, yazı masası, saatı, qələmi və musiqi notları ziyarətçilərə təqdim olunur. Pianinonun yanındakı taxta stul və iş masası onun nə qədər sadə və çalışqan bir insan olduğunu nümayiş etdirir.
Ziyarətçilər muzeyə daxil olduqda dərhal fərqli bir atmosferə düşürlər. Musiqi, ədəbiyyat və tarixin harmoniyası ilə yoğurulmuş bu məkanda təkcə bir tarixi şəxsiyyətin izi deyil, həm də bir xalqın musiqi ruhu hiss olunur. Muzeydə səslənən klassik musiqi, Hacıbəylinin öz səsi ilə qeydə alınmış çıxışları və ifaları da bu tarixi atmosferi tamamlayır. Bu, ziyarətçiyə sadəcə baxmaqla deyil, həm də hiss etməklə öyrənmək fürsəti yaradır.
Üzeyir bəyin Şuşada da ev-muzeyi fəaliyyət göstərmişdir. 1992-ci ildə şəhər ermənilər tərəfindən işğal edildikdən sonra həmin muzey dağıdılmış, eksponatların böyük hissəsi məhv edilmişdir. 2020-ci ilin Vətən müharibəsində Şuşanın azad olunmasından sonra muzey bərpa edildi, yenidən açılışı oldu və salamat qalan bəzi eksponatlar muzeyə yerləşdirildi.
Bakıdakı ev-muzeyinin fondu olduqca zəngindir. Burada Üzeyir Hacıbəyliyə məxsus orijinal eksponatlar saxlanılır. Bunlara aşağıdakılar daxildir:
şəxsi əşyalar (pianino, geyimlər, çantalar və s.);
musiqi partituraları;
ailə fotoşəkilləri və arxiv sənədləri;
məqalələr, məktublar və publisistik materiallar;
Sovet dövrünə aid diplom və mükafat sənədləri.
Ən maraqlı eksponatlardan biri bəstəkarın şəxsi not dəftərləridir. Bu dəftərlərdə onun yarımçıq qalmış əsərlərinin eskizləri, yeni musiqi ideyaları və şəxsi qeydləri yer alır.
Muzeydə il ərzində müxtəlif mədəni tədbirlər keçirilir. Bu il bəstəkarın anadan olmasının 140 illiyi qeyd edilir. Bununla əlaqədar ilin əvvəlindən muzeydə konsertlər, seminarlar, məktəblilər üçün maarifləndirici ekskursiyalar keçirilib. Xarici diplomatlar, musiqiçilər və tədqiqatçılar da mütəmadi olaraq muzeydə qonaq olurlar.
Muzeyin maarifləndirici funksiyası da çox önəmlidir. Bütün eksponatlar haqqında ətraflı izah verilir, bələdçilər tərəfindən musiqi və tarixlə bağlı məlumatlar paylaşılır. Bu fəaliyyət nəticəsində həm də gənc nəslin maariflənməsi təmin olunur.
Üzeyir bəyin ev-muzeyi Azərbaycan xalqının mədəni və musiqi tarixinin canlı parçasıdır. Dahi bəstəkarın şəxsiyyəti, yaradıcılığı bu evin hər detalında yaşayır. Burada biz öz musiqi keçmişimizlə daha dərindən tanış olur, onu gələcəyə daşımaq məsuliyyəti hiss edirik. Muzey böyük bəstəkarın xatirəsini əbədiləşdirən sənət məbədi, müqəddəs məkandır.
Bəyim Dadaşova
Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin kiçik elmi işçisi






















