Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) əsas layihələrindən biri kinematoqrafçılar üçün nəzərdə tutulan təlim proqramlarıdır. Bu proqramlar yeni başlayan və inkişaf etmək istəyən rejissorlar, ssenaristlər və prodüserlər üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da qazandırmağı hədəfləyir.
AKİ bu məqsədlə yeni layihə elan edib: “Öz filmini yarat!” qısametrajlı film laboratoriyası.
İttifaqdan bildirilib ki, laboratoriyanın məqsədi iştirakçıların öz orijinal film ideyalarını inkişaf etdirmələri, onları peşəkar şəkildə sinopsis, tritment və ssenari mərhələlərinə gətirmələri, daha sonra isə çəkiliş prosesinə keçərək qısametrajlı filmlərini tamamlamalarıdır. Təlim rejissor və prodüser, AKİ-nin katibi Oleq Səfərəliyev tərəfindən aparılacaq. İştirakçılar digər yerli mütəxəssislər tərəfindən də ustad dərsləri alacaqlar ki, bu da iştirakçılara yaradıcı sənayedə qəbul olunmuş müasir yanaşmalarla tanış olmaq imkanı yaradacaq.
Hər bir iştirakçı mentor dəstəyilə öz layihəsini addım-addım inkişaf etdirib, laboratoriyanın sonunda filmini nümayiş üçün hazır vəziyyətə gətirəcək. Bu təlim yaradıcılıq prosesinə sistemli yanaşma təqdim edir və iştirakçılara öz film layihələrini sıfırdan peşəkar səviyyəyə qədər inkişaf etdirmək imkanı yaradır və həm yeni başlayanlar, həm də təcrübəsini gücləndirmək istəyən kino mütəxəssisləri üçün nəzərdə tutulub. Təlim prosesində iştirakçılar yaradıcılıq prosesini dərindən mənimsəmək üçün əlavə olaraq operator, kino rəssamı, kino bəstəkarı, prodüser və s. peşənin mütəxəssisləri ilə görüşəcəklər. Seçilmiş layihələr ekranlaşdırılıcaq.
Layihəyə qatılmaq istəyənlər dekabrın 1-dək AKİ-nin e-mail ünvanına (info@aki.az) “Öz filmini yarat!” başlığı ilə müraciət edə bilərlər.
Daha ətraflı məlumatı AKİ-nin saytından əldə etmək olar.



















