AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri - tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və Əjdər Babazadə (Qarabağ Universitetinin Azıx arxeoloji araşdırma və analiz laboratoriyasının müdiri) Danimarkada keçirilən beynəlxalq seminarda iştirak ediblər.

İnstitutdan bildirilib ki, tədbirdə Azad Zeynalov danimarkalı arxeoloqlarla birlikdə Azərbaycanın erkən hominin məskənlərindən olan Azıx mağarasında (Xocavənd), Qaraca açıq tipli paleolit düşərgəsində (Mingəçevir) və Azərbaycan-Yaponiya tədqiqat qrupunun Tağlar mağarasında (Xocavənd) aparılan araşdırmaların ilkin nəticələrini təqdim edib.

Əjdər Babazadə isə 2024-cü ildən həyata keçirilən Azərbaycan–Almaniya Azıx beynəlxalq paleolit ekspedisiyasının tədqiqatlarından bəhs edib. Qeyd edək ki, Azıx mağarasında tədqiqatlar Arxeologiya və Antropologiya İnstitutu (AMEA) ilə Leibniz Arxeologiya İnstitutu (LEIZA) arasında əldə edilmiş elmi əməkdaşlıq çərçivəsində aparılır. Araşdırma heyətinə Azərbaycan, Almaniya, Portuqaliya, Polşa, Çexiya, Danimarka, Norveç və digər ölkələrdən arxeologiyanın müxtəlif sahələri üzrə mütəxəssislər cəlb edilib. Ə.Babazadə Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında bağlanmış memorandumun əsasında və Elm Fondunun qrantı ilə Qarabağ Universitetində qurulmuş Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasından da bəhs edib.

“THOCA” və “CAUCUS” layihə rəhbərləri tərəfindən Azıx mikroskopik laboratoriyasının fiziki məkan imkanları, müasir texnoloji avadanlıqları və tədqiqatçı-tələbə potensialı vurğulanıb.

Seminar iştirakçıları Danimarka Texniki Universitetində Optik Stimullaşdırılmış Lüminessensiya (OSL) laboratoriyasında, Aarhus Universitetdə yerləşən Biomarker laboratoriyası, kosmogen, C14 laboratoriyası (Aarhus Accelerator Mass Spectrometry Centre) kimi analizlər mərkəzlərini və dünyanın ən müasir muzey komplekslərindən biri olan Moesgaard muzeyini və Danimarka Milli Muzeyini ziyarət ediblər.

Beynəlxalq seminar “NordForsk” tərəfindən maliyyələşdirilən və Danimarka Texniki Universiteti ilə Aarhus Universiteti tərəfindən həyata keçirilən “THOCA” (“Mərkəzi Asiyada insan məskunlaşmalarının vaxtı və ekologiyası”) beynəlxalq layihəsinin nəticələrinə həsr olunub. “NordForsk” Şimali Avropa (Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və Farer adaları, Qrenlandiya və Aland adaları) ölkələrinin elm-tədqiqat və infrastruktur sahələrində tərəfdaşlığı və maliyyələşməni təşviq edən təşkilatdır. 

“THOCA” və “CAUCUS” layihələri çərçivəsində aparılan tədqiqatlar Mərkəzi Asiyada və Cənubi Qafqazda qədim insan məskunlaşmasının tarixini və şəraitini - paleo-ekosistemi (iqlim, torpaq, landşaft dəyişiklikləri) sistemli şəkildə araşdırmaq və Afrikadan çıxış, ilk miqrasiyalar, Avrasiyada erkən homininlərin məskunlaşması, texnoloji, fizioloji, koqnitiv, anatomik təkamül mərhələlərini dərk etməyi qarşısına məqsəd qoyub. Analizlər üçün seçmələr arasında Azərbaycandakı Azıx mağarasından və Qaraca açıq tipli paleolit düşərgəsindən götürülmüş nümunələr də yer alır. Analizlər əsasən Kopenhagen, Aarhus, Oslo universitetləri və Danimarka Texniki Universitetində aparılır.