Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbi tənqidinin və estetik fikrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin (1936–2002) 90 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, elektron toplu görkəmli alimin həyat və yaradıcılığını daha da geniş şəkildə tanıdılması, elmi irsinin təbliği məqsədilə hazırlanıb.

Elektron məlumat bazasında Yaşar Qarayevin həyat yolu, elmi fəaliyyəti, ədəbiyyatşünaslıq sahəsində gördüyü mühüm işlər və Azərbaycan elminə verdiyi töhfələr geniş şəkildə əks olunub. Burada “Görkəmli şəxslərin söylədikləri”, “Həyat və yaradıcılığı”, “Xronologiya”, “İzonəşrlər”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri ilə yanaşı ədəbiyyatşünaslar Rahid Uluselin “Yaşar Qarayev: yaxından və uzaqdan”, Asif Rüstəmlinin “Yaşar Qarayev fenomeni...” və Şirindil Alışanlının “Ədəbiyyat filosofu” məqalələrinin tam mətni yer alır.

Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanmış elektron məlumat bazası Əməkdar elm xadimi Yaşar Qarayevin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, milli ədəbi-elmi irsin qorunması istiqamətində mühüm addımlardan biridir.

Elektron toplu kitabxananın saytında yerləşdirilib.