Dünyaca məşhur vokalçı, ispaniyalı opera müğənnisi Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib.
Konsertdə Plasido Dominqo ilə yanaşı oğlu Plasido, Azərbaycanın vokal ustaları – Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova və isveçrəli opera ifaçısı Daria Rıbak da çıxış ediblər.
Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Françesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə edib.
Gecədə C.Puççini, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib.
Plasido Dominqonun Azərbaycan tamaşaçılarına bu dəfə də sürprizi olub. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.
Plasido Dominqo bundan öncə də Azərbaycan musiqisinə müraciət edib. Dahi müğənni 2010-cu ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdi.
























