Xəbər verdiyimiz kimi, 31 oktaybr – 16 noyabr tarixlərində Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) keçirilib.

Festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik və müasir sənət nümunələrini, dünya bəstəkarlarının əsərlərini və Azərbaycan mədəniyyətinin zəngin irsini təqdim edərək ənənə ilə yeniliyin harmoniyasını nümayiş etdirən konsert proqramları təşkil edilib.

Filarmoniyada festivalın bağlanış konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestri (dirijor Murtuza Bülbül) və Dövlət Kamera Orkestri (dirijor Fuad İbrahimov) çıxış edib. Əslən bakılı olan dünyaca məşhur skripkaçı Dmitri Sitkovetski və Xalq artisti Fərhad Bədəlbəyli (fortepiano) də ifaları ilə gecəyə rəng qatıblar.

Dirijor Murtuza Bülbül mediaya müsahibəsində festivalın iştirakçısı olmaqdan məmnunluğunu bildirib: “Azərbaycan mədəniyyətində bu cür layihələrin keçirilməsi çox vacibdir. Burada dünyanın bir çox görkəmli və tanınmış şəxsləri iştirak edirlər. İnanıram ki, bu kimi festivalların sayı artacaq və Avropa, eləcə də dünya mədəniyyətindəki yeni tendensiyalar Azərbaycana da gələcək. Bu gün atamın əsərlərinin səsləndiriləcəyi üçün xüsusilə sevincliyəm”.

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib ki, festival çərçivəsində Çin kollektivinin təqdim etdiyi məşhur “Müqəddəs bahar” baletini izləyib və çox bəyənib. Kanadadan gətirilən “Hamlet” tamaşasının da yüksək səviyyədə olduğunu vurğulayan Fərhad Bədəlbəyli festivalın yaxşı təşkil edildiyini və zəngin proqramı olduğunu deyib.

 

Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinə Murtuza Bülbül, Bakı Dövlət Kamera Orkestrinə isə Fuad İbrahimov dirijorluq edib.

Bakı Beynəlxalq İncəsənət Festivalı oktyabrın 31-dən noyabrın 16-dək keçirilib.