Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Daşkənddə səfərdədir.
Dövlət başçıları noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.
Prezident Şavkat Mirziyoyevin fərmanı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir.
Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.
Mərkəzin binasında 100 min əlyazma və 1 milyondan çox kitab fondu olan kitabxana, ekspozisiya zalları var. Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.
Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır. Bu, üçüncü xəlifə Osmanın (VII əsr) dövründə əlyazmaya alınmış və xilafətin müxtəlif əyalətlərinə paylanmış Quranın ən qədim nüsxələrindən biridir. Əmir Teymur (XV əsr) tərəfindən Kufədən (İraq) Səmərqəndə gətirildiyi deyilən nüsxə İslam Sivilizasiyası Mərkəzinin ekspozisiyasına verilənə qədər Daşkənddəki Həzrəti İmam dini kompleksində, Muyi Müborak mədrəsəsində saxlanılırdı.
Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövrünə aid Quranın əlyazma nüsxələri, həmçinin onların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdə dini-maarifləndirici və innovativ media layihələri reallaşdırılıb.
Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyi ilə “Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərin ən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər barədə məlumat verilir. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.


























