13-14 noyabr tarixlərində Polşanın Varşava Universitetində Türkoloji Tədqiqatlar üzrə Beynəlxalq Konfrans (The International Conference on Turkic Studies) keçirilib. Konfransda Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev də iştirak edib.

BSU-dan bildirilib ki, rektor A.Nağıyev konfransın açılış mərasimində çıxış edib. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışaraq, növbəti ildə bu mühüm hadisənin 100 illik yubileyinin qeyd olunacağını və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bununla bağlı Sərəncam imzalandığını diqqətə çatdırıb.

Anar Nağıyev bildirib ki, Polşada türkşünaslığın və türk dilinin yayılması XV əsrə, xalqlarımız arasında əlaqələrin möhkəmləndiyi dövrlərə təsadüf edir. O, 1472-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir Yageloniçki arasında qurulmuş diplomatik münasibətləri xatırladaraq, Azərbaycan və Polşa xalqları arasındakı dostluq münasibətlərinin qədim tarixə malik olduğunu deyib. Qeyd olunub ki, Azərbaycanda yaşamış Pavel Pototski, Vitold Zqlentiski, İosif Qoslovski, İosif Ploşko, Kazimir Skureviç kimi polyak memar və mühəndislər ölkəmizin mədəni və elmi inkişafında xidmətlər göstərib, xüsusilə XIX əsrin sonları –XX əsrin əvvələrində Bakıda memarlıq və şəhərsalma sahəsində mühüm izlər qoyublar.

II Dünya müharibəsi zamanı Polşa ordusunda xidmət etmiş polkovnik Cahangir bəy Kazımbəylinin qəhrəmanlığından da danışan A.Nağıyev konfransın belə böyük şəxsiyyətlərin xatirəsini anmaq, onların irsini qiymətləndirmək üçün mühüm platforma olduğunu vurğulayıb.

Rektor çıxışında Bəhmənyar Əl-Azəri, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Kərim Kərimov, Lütfi Zadə, Əziz Səncər kimi görkəmli mütəfəkkir və alimlərin adlarını çəkərək, onların dünya elminə və mədəniyyətinə verdiyi töhfələrdən də bəhs edib.

Anar Nağıyev diqqətə çatdırıb edib ki, türkşünaslıq BSU-da əsas tədqiqat istiqamətlərindən biridir. BSU  2024-cü ildən Türk Dünyası Universitetlər Birliyinin (TÜRKÜNİB) üzvüdür və Orhun mübadilə proqramında iştirak edir. Bu ildən etibarən BSU-da özbək dilinin tədrisinə başlanılıb və universitetin Orta Asiya, Slavyan və Balkan regionları ilə coğrafi yaxınlığı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Eyni zamanda, A.Nağıyev BSU-da polyakşünaslığın tədrisinin 1996-cı ildən başlandığını və bu gün də uğurla davam etdirildiyini bildirib.

Konfransda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və digər qonaqlar da çıxış ediblər.

İştirakçılar tədbir çərçivəsində təşkil edilən “Köhnə xəritələrdə Azərbaycan” (“Azerbaijan in old maps”) sərgisi ilə də tanış olublar.