M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında növbəti konsert proqramı keçirilib.

Filarmoniyadan verilən məlumata görə, “Kamera musiqisi axşamı” adlı konsertdə Azərbaycan Dövlət Simli Kvarteti çıxış edib. 

Proqramda klassik musiqi irsinin iki möhtəşəm nümunəsi – L.V.Bethovenin 4 saylı simli kvarteti (c-moll, op.18) və C.Franckın D-dur simli kvarteti səslənib.

Qeyd edək ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.

Simli kvartet Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi istedadlı ifaçılardan ibarətdir.