Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rənglərdə danışan eksponatlar. Tarixdən bu günə suveren Azərbaycanın hekayəsi” adlı tədbir keçirilib.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tədbiri açaraq, müstəqilliyimiz və dövlətçilik tariximiz üçün Konstitusiyanın mühüm rolundan danışıb. O, şöbənin həyata keçirdiyi “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsindən bəhs edərək bildirib ki, layihə çərçivəsində məktəblilər Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında 24 rəsm ərsəyə gətiriblər.
Rəsmlər Bakı şəhəri 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin şagirdləri tərəfindən muzeyin Silahlar və bayraqlar, Numizmatika və Arxeologiya fondlarının materialları əsasında çəkilib. Layihədə sağlamlıq imkanları məhdud uşaqlar da fəal iştirak ediblər və onların yaradıcılıq nümunələri dövlətçilik mövzusuna özünəməxsus baxışı əks etdirir.
Muzeyin Təsviri materiallar fondunun müdiri Nərdanə Yusifova çıxış edərək Azərbaycanın dövlətçilik tarixinə aid olan nadir eksponatlar haqqında məlumat verib.
Bakı Dövlət Universitetinin Mənbəşünaslıq və tarixşünaslıq kafedrasının dosenti Arzu Xəlilzadə Azərbaycanın suverenlik tarixinin əsas mərhələlərindən və Konstitusiyanın dövlət və cəmiyyət üçün əhəmiyyətindən bəhs edib.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı da çıxış edərək, tədbirin maarifləndirici mahiyyətini yüksək qiymətləndirib, gənclərdə milli kimlik və dövlətçilik dəyərlərinin aşılanmasının vacibliyini vurğulayıb.
5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin direktor müavini Aynurə Məlikova gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlət atributlarına hörmətin aşılanmasının önəmini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsi muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Nigar Əhmədli tərəfindən təşkil olunub.
Tədbirdə 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin müəllimləri və şagirdləri ilə yanaşı, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları da iştirak ediblər.
Sonda iştirakçılar sertifikat və təşəkkürnamələrlə təltif olunublar.






















