Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi və Aşıq Ələsgərin vəfatının 100 illiyi UNESCO-nun 2026–2027-ci illər üçün yubileylər proqramına daxil edilib.
Bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi məlumat yayıb. Qərar UNESCO Baş Konfransının Səmərqənd şəhərində (Özbəkistan) keçirilən 43-cü sessiyasında (30 oktyabr – 13 noyabr) qəbul olunub.
Bu qərar Azərbaycan aşıq sənətinin, onun çoxəsrlik ənənələrinin və xalq yaradıcılığının bəşəri mədəni irsin ayrılmaz hissəsi kimi beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir.
Aşıq Dirili Qurbani (1476–1549) Azərbaycan aşıq poeziyasının banilərindən biri sayılır. Onun yaradıcılığı milli-mənəvi dəyərlərin, sevgi, vətənpərvərlik və ədalət kimi ali duyğuların poetik ifadəsi ilə seçilir və bu gün də aşıq sənətində yaşamaqdadır.
Aşıq Ələsgər (1821–1926) isə Azərbaycan aşıq sənətinin klassik məktəbinin ən parlaq nümayəndələrindən biri olub. Onun zəngin poeziya irsi, bədii üslubu və dərin fəlsəfi düşüncələri aşıq sənətinin inkişafına və xalq mədəniyyətinin qorunmasına mühüm töhfə verib.
Aşıqların yubileylərinin UNESCO-nun Yubileylər Proqramına daxil edilməsi, onların irsinin beynəlxalq səviyyədə tanıdılmasını, eləcə də onların yubileyləri çərçivəsində elmi konfranslar, sərgilər və mədəni tədbirlərin keçirilməsini nəzərdə tutur.





















