Xəbər verildiyi kimi, noyabrın 11-də Gəncədə havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” yük təyyarəsi Gürcüstan ərazisində yerə düşüb.  

Hadisə barədə məlumat yayan Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib ki, təyyarə bu ölkənin hava məkanına daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib. Məlumata əsasən, təyyarə həyəcan siqnalı verməyib. Gürcüstan tərəfi hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib.

“C-130” təyyarəsinin Gürcüstanın Azərbaycanla sərhədindən təxminən 5 km aralıda düşdüyü bildirilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!” – deyə məktubda bildirilir.

Prezident İlham Əliyev həmçinin Türkiyə rəhbəri ilə telefonla danışıb və başsağlığını ifadə edib.

Türkiyə Prezidenti telefon zənginə və başsağlığına görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.

***

Türkiyənin Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı ilkin məlumatda Gürcüstan ərazisində düşən “C-130” hərbi nəqliyyat təyyarəsində ümumilikdə 20 nəfər olduğu qeyd edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışdığını və gürcü həmkarının hadisə yerinə getdiyini bildirib.

***

Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxlayıb.

Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətinin həmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərini görməyə hazır olduğunu bildirib.

İrakli Kobaxidze dəstəyə görə təşəkkürünü bildirib, Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələrinin ərazidə çalışdığını qeyd edib.

Söhbət zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gürcüstandakı həmkarları ilə təmasda olduqları vurğulanıb.